Budapeşt görüşü baş tutmadı: Trampın Moskva ilə bağlı yeni planı nədir? - ŞƏRH

Uzun müddətdir bütün dünya ictimaiyyəti ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin görüşünü gözləyir. Bu iki dövlət başçısı arasında keçiriləcək danışıqların Ukrayna münaqişəsinin həllinə təkan verəcəyinə ümid edənlər də az deyil.
Bu yaxınlarda yayılan məlumatlarda qeyd olunurdu ki, Ağ Ev rəhbəri rusiyalı həmkarı ilə Budapeştdə görüş keçirməyi planlaşdırır. Lakin sonradan NATO-nun baş katibi Mark Rütte açıqlama verərək görüşün ləğv edildiyini bildirib. ABŞ Prezidenti isə qeyd edib ki, “lazımi nəticəyə çata bilməyəcəyini düşündüyü üçün” belə bir addım atıb. Bununla belə, Tramp gələcəkdə Putinlə görüşün baş tutacağını istisna etməyib.
Ehtimal etmək olar ki, görüşün təxirə salınmasının əsas səbəbi Kremlın Ukrayna münaqişəsinin mərhələli həllinə isti yanaşmaması olub. Tramp da bu mövzuya toxunaraq bildirib ki, Putin hər şeyi bir anda əldə etmək istəyir. Bu, Rusiyanın ABŞ-nin təklif etdiyi həll planı ilə razılaşmadığını və öz mövqeyini diktə etmək niyyətində olduğunu göstərir. Ağ Ev isə bu mövqeni qəbuledilməz sayıb.
Trampın qərarlarından da görünür ki, ABŞ artıq Moskva ilə təzyiq siyasətinə keçib. Belə ki, Rusiya neft sektoruna qarşı yeni sanksiyalar elan edilib. Siyahıya “Lukoyl” və “Rosneft” kimi enerji nəhəngləri də daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaların məqsədi cəzalandırmaq yox, davranışda müsbət dəyişikliklərə nail olmaqdır.
Bununla yanaşı, sanksiyalara məruz qalan şirkətlərin ABŞ-dəki bütün əmlakı və aktivləri dondurulacaq. Eyni zamanda, sanksiyalardan yayınmağa çalışan ABŞ vətəndaşları cinayət məsuliyyətinə cəlb ediləcək, digər şirkətlərə isə ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq.
Paralel olaraq, Avropa İttifaqı da Rusiyaya qarşı 19-cu sanksiya paketini genişləndirmək barədə qərar qəbul edib. Yeni tədbirlər çərçivəsində Rusiya neftini daşıyan tankerlərin bazar qiymətləri ilə qəbuluna qadağa, ticarət və maliyyə məhdudiyyətləri, həmçinin Rusiyanın enerji resurslarının, o cümlədən maye təbii qazının (LNG) alınmasına yeni qadağalar nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, ABŞ və Aİ Rusiya rəhbərliyini atəşkəsə və danışıqlarda konstruktiv mövqeyə məcbur etmək üçün koordinasiyalı şəkildə hərəkət edir. Yeni sanksiyaların hədəfi əsasən Rusiyanın enerji sektorudur — məqsəd Moskvanın büdcəsinə zərbə vurmaq, enerji gəlirlərini azaltmaq və iqtisadiyyata təzyiq göstərməkdir.
Bu addımların əsas məqsədi Vladimir Putini danışıqlara məcbur etmək və Ukrayna münaqişəsində irəliləyişə nail olmaqdır.
Ehtimal edilir ki, Tramp Yeni ilə qədər bu istiqamətdə əldə edilə biləcək ilk real nəticələri nümayiş etdirmək istəyir.
Hikmət Həsənov