Türk dünyasının yeni əməkdaşlığı - Süni intellekt - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev 20-21 oktyabr tarixləri arasında Qazaxıstanda dövlət səfərində olub. Bu, Azərbaycan rəhbərliyinin Orta Asiyada mövqelərini möhkəmlətməsi, Türk Dövlətləri Birliyi çərçivəsində əməkdaşlığı genişləndirməsinin yeni formatı, yeni mərhələsi sayılır. İlham Əliyev səfər çərçivəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib, bir sıra sahələrdə əməkdaşlığı müzakirə edib.
Tərəflərin görüşündə iqtisadi-ticari münasibətlər, nəqliyyat və infrastruktur, aqrar sahədə əməkdaşlıqların müzakirəsi ilə yanaşı, Orta Dəhliz məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan TDT çərçivəsində artıq əsas oyunçuya çevrilməklə bərabər, Türkiyənin Orta Asiya ilə birləşməsində həlledici rola malikdir. Eyni zamanda, Orta Dəhliz regionun inteqrasiyasında əsas instrument kimi getdikcə daha çox güclənir.
Ümumiyyətlə, ölkə başçısının Qazaxıstana səfərinə türk dövlətləri arasında yaxınlaşma, iqtisadi və nəqliyyat layihələrinin inkişafı səpkisindən də baxmaq lazımdır. Bununla yanaşı, səfər zamanı İlham Əliyev qazaxıstanlı həmkarı ilə birlikdə “Alem.ai” süni intellekt mərkəzinə də baş çəkib. Rəqəmsallaşan dünyada süni intellektin rolunun getdikcə artdığını nəzərə alsaq, bu səfərlə birlikdə TDT çərçivəsində ümumi texnoloji konturun cızıldığını söyləyə bilərik. Tokayevin əvvəllər rəqəmsal təşəbbüslər və kibertəhlükəsizlik üçün koordinasiya platformasına çevrilməsini təklif etdiyi mərkəz türkdilli dövlətlərin rəqəmsal inteqrasiyasının özəyinə çevrilə bilər.
Bir müddət əvvəl isə Özbəkistanla Azərbaycan arasında media sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu, türk dövlətləri arasında informasiya və rəqəmsal dünyada vahid bir sistemin qurulmasından xəbər verir. Yaxın gələcəkdə bütün türkdilli dövlətlər arasında bu tip əməkdaşlıqların daha geniş vüsət alacağını proqnozlaşdırmaq olar. Tokayevin “Alem.ai”ni koordinasiya mərkəzinə çevirmək təklifi Qazaxıstanın süni intellekt sahəsini tədqiq edərək türkdilli ölkələrin inteqrasiyası layihəsində əsas mərkəzə çevrilmək niyyətindən xəbər verir. Addım-addım türk dünyasının yeni formatı formalaşır. Söhbət təbii ki, texnoloji formatdan gedir. TDT müasir dünya ilə ayaqlaşmaq, yeniliklərdən geri qalmamaq üçün belə bir formatı qurmaq niyyətini artıq ortaya qoyub.
Hikmət Həsənov