Ermənistanda dini çevriliş iddiası: Kilsə hökumətə meydan oxuyur - ŞƏRH

Ermənistanda hökumət və kilsə arasında gərginlik yenidən kəskinləşib. Bir sıra din xadimlərinin həbsi, bütün ermənilərin katalikosu II Qareginin xalqa müraciəti və müxalifətin kilsəyə açıq dəstəyi qarşıdurmanı daha da alovlandırıb. Bu, hökumətin kilsə əleyhinə kampaniyasının pik həddə çatdığını göstərir.
Baş nazir Nikol Paşinyan isə din xadimlərinin həbsi barədə məlumatı yalnız KİV-dən aldığını bildirib. Lakin mətbuatda yayılan məlumatlara əsasən, II Qaregin və bir sıra keşiş dövlət çevrilişinə cəhd ittihamı ilə istintaqa cəlb olunub. Media tərəfindən yayılan səs yazısında katalikosun digər din xadimləri ilə söhbətində 2023-cü ildə keçirilən hökumət əleyhinə mitinqlərdə iştirak etmək və hakimiyyəti devirmək çağırışı etdiyi iddia olunur. Bu səbəbdən II Qaregin və bəzi din xadimlərinə qarşı cinayət işi açılıb. Ehtimal olunur ki, katalikosun 26-cı ildönümündə – 27 oktyabr tarixində onun həbsi baş tuta bilər.
Hazırda hüquq-mühafizə orqanları faktları araşdırır və istintaq aparır. Ekspertlərin fikrincə, 2026-cı ilin 7 iyun seçkilərinə az qalmış Paşinyan hökuməti üçün kilsə ən böyük maneəyə çevrilib. Kilsənin erməni cəmiyyətindəki təsiri və ictimai rəy formalaşdırmaq bacarığı hökumətin siyasi sabitliyinə təhdid yaradır. Buna görə də, seçkilərə qədər həm kilsə, həm də müxalifət düşərgəsində “təmizləmə” əməliyyatının həyata keçirilməsi ehtimal olunur. Bu addımlar Paşinyanın planlaşdırdığı konstitusiya dəyişikliyinin reallaşması və sülh müqaviləsinin imzalanması üçün əngəlləri aradan qaldıra bilər.
Müxalifət isə Arman Tatoyanın rəhbərliyi ilə kilsəyə dəstək nümayiş etdirərək, hökuməti təzyiqdə ittiham edir. Tatoyan baş verənləri konstitusiya hüquqlarının pozulması kimi qələmə verir və islahatların Ermənistan üçün fəlakət olacağını bildirir. Lakin müşahidəçilərin fikrincə, bu mövqe əslində sülh prosesinə mane olmaq cəhdidir.
Paşinyan komandası isə ölkənin müxtəlif bölgələrində maarifləndirici görüşlər keçirərək, sülh və iqtisadi əməkdaşlığın faydaları barədə ictimai rəyi formalaşdırmağa çalışır. Buna cavab olaraq müxalifət yeni müharibə təhlükəsi barədə bəyanatlar səsləndirir və “ölkənin suverenliyi təhlükədədir” iddiasını irəli sürür.
Eyni zamanda, Paşinyanın siyasi rəqiblərindən biri – Samvel Karapetyanın yeni siyasi hərəkatı ilə bağlı mitinq və aksiyaların sönük keçməsi erməni cəmiyyətində müxalifətə inamın azaldığını göstərir. Analitiklərə görə, bu, müxalifətin parçalanması və Paşinyanın siyasi üstünlüyünü qoruması baxımından onun xeyrinədir.
Beləliklə, Ermənistan cəmiyyətində kilsə, müxalifət və hökumət arasında dərinləşən qarşıdurma ölkəni növbəti siyasi sarsıntıya yaxınlaşdırır. Paşinyan isə həm kilsə, həm də müxalifətə qarşı addımları ilə seçkilərə qədər öz mövqeyini möhkəmləndirməyə çalışır.
Hikmət Həsənov