Bu gün

Fransa Azərbaycanın regional gücünü qəbul etdi – münasibətlərdə yeni səhifə açılır - ŞƏRH

Fransa və Azərbaycan prezidentləri arasında Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində oktyabrın 2-də keçirilən görüş və aparılan müzakirələr İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında müşahidə olunan ziddiyyət və gərginliyə son qoyaraq, qarşılıqlı etimadın bərpası istiqamətində həlledici addım olub.

İkinci Qarabağ müharibəsindən sonrakı beş ildə Fransa regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəksə də, son aylarda – xüsusilə 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra bu ölkənin alternativ variantları qalmayıb. Ənənəvi olaraq ermənipərəst mövqe tutan Fransa son zamanlar Azərbaycanın maraq və mənafelərini nəzərə almadan, balansı qorumağa cəhd etmədən Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirəcəyini anlayır.

Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən, Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünün nəticəsi olaraq ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığını vurğulayıb. Dövlət başçısı bildirib ki, ikitərəfli gündəlikdə yeni dövr başlayır və bu mərhələdə insanlararası təmasların, biznes əlaqələrinin, mədəni və humanitar əməkdaşlığın bərpası və inkişafı xüsusi önəm kəsb edir.

Öz növbəsində səfir Sofi Laqut da münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, əlaqələrin bərpası və inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpası, yüksək texnologiyalar və aerokosmik sahələrdə əməkdaşlıq, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə bağlı aparılan müzakirələr Fransa–Azərbaycan münasibətlərində soyuqluq mərhələsinin artıq geridə qaldığını göstərir.

İkinci Qarabağ münaqişəsinə qədər iki ölkə arasında münasibətlər ümumən normal məcrada inkişaf edib və qarşılıqlı maraqlara əsaslanıb. Qərb ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verən Azərbaycan üçün “Böyük Səkkizlik” ölkələrindən olan Fransa ilə strateji tərəfdaşlıq həmişə mühüm əhəmiyyət daşıyıb.

Fransa Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olmaqla, Türkiyədən sonra Bakıda səfirliyini açan ikinci dövlət olub. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin dekabrında, Prezident İlham Əliyev isə 2004-cü ilin yanvarında Fransaya ilk rəsmi səfərlərini etməklə bu ölkənin Avropadakı roluna verdikləri dəyəri nümayiş etdiriblər.

İkitərəfli diplomatik-siyasi əlaqələrin dinamik inkişafı enerji, iqtisadiyyat, ticarət, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığa mühüm təkan verib. 1996-cı ildə Fransanın “Elf-Aquitaine” şirkətinin “Şahdəniz” layihəsinə qoşulması, daha sonra “Total” şirkətinin Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərində 5 faizlik payla təmsil olunması enerji sahəsində əməkdaşlığı strateji səviyyəyə yüksəldib.

2014-cü ildə Fransanın sabiq dövlət başçısı Fransua Ollandın Azərbaycana səfəri zamanı imzalanan “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətləri yeni keyfiyyət mərhələsinə qaldırıb. Həmin səfər zamanı kənd təsərrüfatı, nəqliyyat, energetika, elm və təhsil sahələrində 7 mühüm sənədin imzalanması bu münasibətlərin praktiki xarakterini gücləndirib.

Bakıda Fransız liseyinin və Azərbaycan–Fransız Universitetinin (UFAZ) açılması, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli əlaqələrin humanitar sütununu möhkəmləndirib.

Münasibətlərin bərpasını zəruri edən əsas amillərdən biri də geosiyasi maraqlardır. Fransa bu gün Azərbaycanı Cənubi Qafqazın lokomotivi və ən perspektivli ölkəsi kimi qiymətləndirir, Avropanın enerji təhlükəsizliyində oynadığı rola böyük önəm verir. Rəsmi Paris ölkəmizlə siyasi və iqtisadi əlaqələri yenidən bərpa etməyə çalışır.

Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolu oynaması və mühüm nəqliyyat dəhlizlərini formalaşdırması Fransanın diqqət mərkəzindədir. Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Fransa Azərbaycanın Avropa üçün artan əhəmiyyətini daha aydın dərk edir.

Eyni zamanda, rəsmi Paris Azərbaycanın Avropaya “yaşıl enerji” ixracı istiqamətində həyata keçirdiyi transmilli layihələrə də böyük maraq göstərir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında ölkəmizdən Fransaya 83,4 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,4 milyon ABŞ dolları və ya 46,2 faiz artım deməkdir.

İqtisadi və ticarət əlaqələrinin perspektivləri də münasibətlərin bərpasını şərtləndirən mühüm amillərdəndir. Azərbaycanın siyasi və iqtisadi sabitliyi, əlverişli sərmayə mühiti və beynəlxalq layihələrdə fəal iştirakı Fransa şirkətləri üçün geniş imkanlar açır. Nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və şəhərsalma layihələri üzrə əməkdaşlıq fransız biznes dairələri üçün xüsusilə cəlbedicidir.

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qlobal diplomatiyada təsir gücünə malikdir. Rəsmi Paris, həmçinin Avropa İttifaqı çərçivəsində Azərbaycanla əlaqələrin istiqamətinin müəyyənləşdirilməsində aparıcı rol oynayır. Bu baxımdan Fransa ilə münasibətlərin normallaşması Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində də yeni mərhələnin başlanğıcı ola bilər.

Nəticə etibarilə, rəsmi Parisin gec də olsa Azərbaycanın milli maraqlarına, suverenliyinə, ərazi bütövlüyünə və sülh gündəliyinə hörmət göstərmək məcburiyyətində qalması, ikitərəfli münasibətlərin yeni mərhələdə daha dinamik və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişafına şərait yaradır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?