Dmitriy Qalkin: “Moskva Bakı üzərində nə təzyiq, nə də nəzarət rıçaqlarına malikdir” - RƏY

Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə keçirilən görüşü, eləcə də Rusiya liderinin vurulan təyyarəyə görə üzr istəməsi göstərdi ki, Moskva artıq Bakıya təsir göstərə biləcək heç bir rıçaqa malik deyil.
Bu fikirləri təhlil.az saytına siyasi şərhçi Dmitriy Qalkin açıqlamasında deyib.
O bildirib ki, artıq 2020-ci ildən bəri vəziyyət tamamilə dəyişib və Moskvanın əvvəlki mövqeləri bərpa etmək cəhdləri reallıqdan uzaqdır:
“Moskvanın keçmiş təsir imkanlarını bərpa etməyə çalışmasını başa düşmək olar, amma bunu necə həyata keçirmək mümkündür, təsəvvür etmək çətindir. Rusiya artıq Ermənistan–Azərbaycan münaqişəsinin əsas moderatoru kimi çıxış edə bilməz. Çünki Moskva bu münaqişənin sülh yolu ilə həllini tamamilə uğursuzluğa düçar edib”.
Onun sözlərinə görə, bu gün ABŞ və Türkiyənin rolu nəticəsində münaqişə yalnız dayandırılmayıb, həm də beynəlxalq hüquq prinsipləri əsasında həll edilib:
“Bu, unikal hadisədir. Onilliklər davam edən münaqişənin hüquqi müstəvidə tam şəkildə həllinə nail olunub. Bu, Tramp administrasiyasının böyük uğurudur. Tramp bunu, təbii ki, öz siyasi kapitalı kimi istifadə edir. O, Nyu-Yorkda və ya BMT səviyyəsində belə bir uğurun ona Nobel Sülh Mükafatı gətirəcəyinə ümid edir. Tramp üçün bu, həm şəxsi ambisiya, həm də onun administrasiyasının beynəlxalq konfliktləri həll etmə qabiliyyətinin göstəricisidir”.
Ekspert xatırlayıb ki, Bayden dövründə bu proseslər dayansa da, Tramp administrasiyası beynəlxalq sülh təşəbbüslərində hər zaman uğur qazanıb:
“Fakt odur ki, Bayden administrasiyası Trampın uğurla həll etdiyi heç bir münaqişəni tənzimləyə bilmədi. Ermənistan–Azərbaycan sülh razılaşması beynəlxalq hüquqa əsaslanır və bu, Tramp dövrünün real nailiyyətidir. Bu şəraitdə Bakı və İrəvanın ABŞ-nin vasitəçilik rolundan imtina edərək yenidən Rusiyanın nəzarətinə qayıtması mümkünsüzdür".
D.Qalkin qeyd edib ki, bu gün Moskva üçün ən vacib məsələ sülh sazişinin Rusiya ərazisində imzalanmasıdır:
"Çünki bu, baş verməsə, bu fakt rəmzi mənada Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin itirildiyini təsdiqləyəcək. Halbuki bu region, eləcə də Yaxın Şərq Rusiyanın beynəlxalq təsir vasitələrindən biridir. Əgər Moskva bu məkanlarda mövqelərini itirirsə, o zaman qlobal oyunçu statusuna iddiasının əsası qalmır. Putin üçün bu vəziyyət strateji itki deməkdir və o, vəziyyəti dəyişmək üçün “heroik səylər” göstərir. Mən xatırlamıram ki, Putin hansısa ölkə başçısından bu qədər açıq və publik şəkildə üzr istəsin. Bu, presedenti olmayan hadisədir. Üstəlik, üzr təkcə qapalı şəraitdə deyil, telekameralar qarşısında, bütün dünyanın gözü önündə səsləndirildi. Bu, əlbəttə ki, Rusiyanın Azərbaycana yenidən təsir göstərmək cəhdi idi. Amma bu, artıq mümkün deyil. Çünki 2020-ci ildən bəri reallıq tam dəyişib”.
Onun fikrincə, bütün bu hadisələr Azərbaycanın artan beynəlxalq nüfuzunu nümayiş etdirir:
“Bu, Bakının mövqelərinin gücləndiyini açıq şəkildə göstərir. Əgər Rusiyanın Azərbaycana təsir mexanizmləri olsaydı, çoxdan işə salardı. Halbuki Moskvanın ekspert çevrələri aylarla Azərbaycana qarşı iqtisadi əlaqələrin kəsilməsi, neft tranzitinin bloklanması, diaspor vasitəsilə təsir cəhdləri və digər təzyiq ssenarilərindən danışsalar da bunların heç biri reallaşmadı. Moskva Bakını güc yolu ilə təsir dairəsinə qaytarmaq istəsə də, nəticə tam əksinə oldu. Putinin ictimai şəkildə üzr istəməsi Rusiyanın siyasətində ciddi dəyişiklikdir. Bu, onu göstərir ki, iqtisadi və siyasi təzyiq vasitələri artıq işləmir. Moskva Bakı ilə münasibətləri dondurmaqla özünə daha çox zərər vuracağını anlayır”.
Siyasi şərhçi əlavə edib ki, Rusiyanın illərlə fəxr etdiyi “diaspora vasitəsilə təsir mexanizmi” də tam iflasa uğrayıb:
“Uzun illər deyirdilər ki, əgər Bakı ilə münasibətlərdə problem yaransa, azərbaycanlı diaspor nümayəndələri vasitəsilə hökumətə təsir göstərəcəklər. Amma bu, tam mənasız çıxdı. Diaspor heç bir formada Azərbaycan rəhbərliyinə təzyiq göstərə bilmədi. Yəni, Moskvanın artıq Bakıya nə təzyiq, nə də təhdid vasitəsi qalıb”.
Rasim Babayev