“Tomahawk” Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişə biləcəkmi? - ARAŞDIRMA

ABŞ-nin Ukraynaya potensial “Tomahawk” qanadlı raketləri tədarük etməsi məsələsi beynəlxalq gündəmin ən gərgin mövzularından birinə çevrilib. Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatı və ABŞ ilə Ukrayna liderlərinin gözlənilən görüşü Kremlin bu məsələ ilə bağlı mövqeyində “taktiki dəyişiklik” baş verdiyini göstərir. Təhlükəsizlik sahəsindəki bu diplomatik və hərbi gərginlik “Tomahawk” raketlərinin real imkanları və iqtisadi yükü ilə yanaşı, onların yaratdığı strateji risklər kontekstində də müzakirə olunur.
“Tomahawk” raketinin texniki-taktiki xüsusiyyətləri
Tipi: uzaqmənzilli, yüksək dəqiqlikli, səsdən aşağı sürətli (subsonik) qanadlı raket.
Çəkisi: təxminən 1300–1600 kq (sürətləndirici ilə).
Uzunluğu: 5.56 m (sürətləndiricisiz), 6.25 m (sürətləndirici ilə).
Diametri: 52 sm.
Qanad açılımı: 2.67 m.
Mühərriki: "Williams International F107" turbofan reaktiv mühərriki və bərk yanacaqlı start sürətləndiricisi.
Uçuş məsafəsi: modelindən asılı olaraq 2500 km-ə qədər (Block II TLAM-N).
Döyüş başlığı: 450 kq-a qədər yüksək partlayıcı və ya dağıdıcı (kaset) sursat. Möhkəmləndirilmiş hədəfləri, o cümlədən bunkerləri məhv etmək üçün nəzərdə tutulub.
Naviqasiya sistemi: TERCOM (ərazi relyefi ilə uyğunlaşma), DSMAC (rəqəmsal hədəf uyğunlaşması) və GPS texnologiyasına əsaslanır. Yeni Block V versiyalarında iki istiqamətli peyk rabitəsi vasitəsilə uçuş zamanı hədəfin dəyişdirilməsi mümkündür.
İstifadə yerləri: sualtı qayıqlar, gəmilər və yerüstü mobil buraxılış qurğuları.
Qiymət aralığı:
Block IV (2017) – təxminən 1.87 milyon ABŞ dolları;
Block V (2022) – təxminən 2 milyon ABŞ dolları;
İxrac qiyməti (2023) – 4 milyon ABŞ dolları (məsələn, Avstraliya və Yaponiyaya satış zamanı bu rəqəm daha yüksək olur).
Əvvəllər Moskva “Tomahawk” tədarükünün ABŞ–Rusiya münasibətlərinə zərər verəcəyini və ya döyüş meydanında ciddi fərq yaratmayacağını iddia edirdi. Lakin ISW-nin təhlillərinə əsasən, Kreml bu dəfə taktikasını dəyişib.
Rusiya Təhlükəsizlik Şurasının katib müavini Dmitri Medvedevin son bəyanatı bu dəyişikliyin ən açıq nümunəsidir. O, ABŞ-ni nüvə eskalasiyası ilə hədələyərək bildirib ki, Rusiya buraxılan “Tomahawk” raketlərinin nüvə, yoxsa adi döyüş başlığı daşıdığını ayırd edə bilməyəcək. Bu hədə-qorxu Moskvanın sözügedən silahların Ukraynaya tədarükündən ciddi şəkildə narahat olduğunu göstərir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da ABŞ mütəxəssislərinin prosesdə birbaşa iştirakının “zəruriliyinə” eyham vuraraq, məsələni ABŞ–Rusiya qarşıdurması müstəvisinə daşımağa çalışır. Bu, Moskvanın “Tomahawk” raketlərinin aşağı hündürlükdə uçuş qabiliyyəti səbəbilə öz hava hücumundan müdafiə sistemlərinin səmərəsiz qalmasından real şəkildə narahat olduğunu təsdiqləyir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın 12 oktyabrda verdiyi bəyanata əsasən, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa yönəlmiş danışıqlardan imtina edəcəyi halda, Vaşinqton Ukraynaya “Tomahawk” tədarükünə başlaya bilər. Bu açıqlamadan bir neçə gün sonra, 17 oktyabrda Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonda görüşü planlaşdırılıb.
Məlumat üçün bildirək ki, Axios nəşrinin məlumatına görə, uzaqmənzilli “Tomahawk” raketlərinin istifadəsi Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki, o cümlədən Moskva ətrafındakı hərbi obyektlərə zərbə endirmək imkanı verə bilər. Bu, Ukraynaya Rusiya arxa cəbhəsindəki komanda məntəqələrini, sursat anbarlarını və hərbi istehsal sahələrini vurmaq imkanı qazandıracaq.
Bununla belə, ekspertlər hesab edirlər ki, “Tomahawk” raketlərinin strateji balansı təkbaşına dəyişməsi çətindir. Analitiklər ABŞ-nin mövcud ehtiyat məhdudiyyətlərinə görə Ukraynaya maksimum 20–50 ədəd raket tədarük edə biləcəyini ehtimal edirlər. Üstəlik, hər bir raketin ixrac qiymətinin 4 milyon dollara yaxın olması Ukrayna üçün davamlı və genişmiqyaslı zərbə kampaniyasını çətinləşdirir.
Kremlin nüvə təhdidi ilə müşayiət olunan ritorikası Moskvanın “Tomahawk”ların Ukraynaya çatdırılmasını ən təhlükəli eskalasiya kimi qiymətləndirdiyini göstərir. Bu, Rusiyanın həm informasiya, həm də hərbi müstəvidə narahatlığını açıq şəkildə əks etdirir.
Zelenski və Trampın görüşündə veriləcək qərar, dəyəri 2–4 milyon dollar arasında dəyişən bu texnoloji silahın müharibənin gedişatına təsir edib-etməyəcəyini müəyyənləşdirəcək.
Hərbi ekspertlərin ehtiyatlı proqnozlarına baxmayaraq, yüksək dəqiqlikli, uzaqmənzilli və gizli uçuş qabiliyyətinə malik “Tomahawk” raketlərinin, hətta məhdud sayda olsa belə, Ukraynanın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Lakin bu addımın diplomatik və siyasi nəticələri hələ də qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, ABŞ “Tomahawk” raketlərini Ukraynaya tədarük etdiyi təqdirdə, Vaşinqton və Moskva arasındakı münasibətlər yeni gərginlik mərhələsinə qədəm qoyacaq və müharibənin uzanma ehtimalı daha da artacaq.
Azadxan Axundov