Bu gün

Ermənistan Aİİ ilə münasibətləri qoparır - Moskva İrəvanı hədələyir - ŞƏRH

Ermənistan Xarici İşlər Nazirliyinin tərkibində yeni departament - Avropaya inteqrasiya departamenti yaradılıb. Ölkənin Aİ-yə (Avropa İttifaqı) namizəd statusu yoxdur və yeni qurumun məqsədi açıq şəkildə Aİİ (Avrasiya İqtisadi İttifaqı) ilə əlaqələri kəsməkdir. Yeni idarənin yaradılması haqqında sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb və onu “Xarici İşlər Nazirliyinin əsas struktur bölməsi” adlandırıb. Rusiya dəfələrlə Aİ və Aİİ-yə eyni vaxtda üzvlüyün texniki cəhətdən mümkün olmadığı barədə xəbərdarlıq edib. Rusiya onu da qeyd edib ki, Avropa standartlarına uyğunlaşma cəhdləri səbəbindən Ermənistan qanunvericiliyi artıq Avrasiya İttifaqının normaları ilə uyğunsuzluqlar formalaşdırıb. Ermənistan Xarici İşlər Nazirliyinin Avropaya inteqrasiya departamenti çox güman ki, Aİİ-dən çıxmaq üçün yol xəritəsini hazırlamağa başlayacaq. Paşinyan Aİ-yə Ermənistanın Rusiya və Aİİ ilə əlaqələrini kəsmək mandatını yerinə yetirərək, siyasi təminatları və investisiyaları təmin etmək üçün yeni kursun köklü şəkildə həyata keçirilməsinə hazır olduğunu nümayiş etdirir.

İrəvanda nüvə enerjisi ilə bağlı üstünlk artıq amerikalılara verilir.

Qalır, Avrasiya iqtisadi zəncirlərinə dərindən inteqrasiya olunmuş və Rusiya kapitalından, enerji resurslarından və əmək bazarından asılı olan Ermənistanın bu asılılıqdan qurtulma yollarını tapmaq. Paşinyanın Avrointeqrasiyaya cavabdeh olan daha bir struktur yaratmaq qərarı, şübhəsiz ki, nə təəccübləndirir, nə də sevindirir. Bu, indi Avropa proqramlarında iştirak deməkdir. Ermənistan indi Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı daha da gücləndirmək ümidi ilə öz qanunvericiliyini Avropa standartlarına uyğunlaşdıracaq. Qlobal siyasi tendensiyalar kontekstində bu, daha böyük oyunun bir hissəsidir, postsovet məkanındakı bəzi ölkələrin Qərbin inkişaf modellərinə - məsələn, vaxtilə Gürcüstanın izlədiyi modelə yönləndirildiyi kimi daha geniş prosesin bir parçasıdır. Paşinyanın qərarını daxili siyasi prizmadan nəzərdən keçirsək, bu cür hərəkətlər onun mövqeyini gücləndirə bilər. O cümlədən, bu qərar onilliklər ərzində Qərbə yönəlmiş elektoratın bəzi tələblərini təmin edə, əhalini Qərblə əməkdaşlığın Ermənistana firavanlıq gətirəcəyinə və erməni xalqını Avropa dəyərlərinə çevirəcəyinə inandıra bilər. Qeyd etmək lazımdır ki, bu cür insanların, xüsusən Ermənistanın gənc əhalisi arasında artıq kifayət qədər çoxluğu var. Bu, həm də Ermənistanın imkanlarını genişləndirməyə və beynəlxalq arenada daha çox müttəfiqlər əldə etmək üçün manevr etməyə hesablanmış, beləliklə də Moskvanı qəzəbləndirən və son dərəcə çətin geosiyasi vəziyyətdə Ermənistanın Rusiyadan başqa müttəfiqlərinin olduğunu bir daha nümayiş etdirən strateji addım ola bilər. Amma burada Rusiya üçün bir neçə mühüm amil var – Ermənistanla Rusiya arasında tarixən sıx əlaqələr indi necə nəzərə alınacaq, xüsusən də KTMT və Aİİ üzvlüyünü nəzərə alsaq? KTMT və Aİİ üzvlüyü ilə vəziyyət necə olacaq? Kremlin buna cavabı nə olacaq? Moskva bu hərəkəti Paşinyan hökumətinə bağışlayacaqmı?

Maraqlıdır ki, artıq rusiyalı politoloqlar belə bir addımı Moskvaya qarşı düşmənçilik kimi qəbul edirlər. Kremldən səslənən tezislərdə hətta belə bir hərəkətin Ermənistana suverenliyini itirmək bahasına başa gələcəyi vurğulanır. Təbii ki, bu təhdidlər hələlik politoloq və şərhçilər vasitəsilə səsləndirilir. Rəsmilər fərqli açıqlamalar versələr də, sətiraltı rəsmi İrəvanı hədələməkdən çəkinmirlər.

Hikmət Həsənov

SORĞU

Futbol üzrə Azərbaycan milli komandasının gələcəyi

Milli komandanın baş məşqçisinin seçilməsi üçün hansı meyarlar vacibdir?