HƏMAS və İsrail arasında yeni danışıqlar: Atəşkəs ümidləri artır - TƏHLİL

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndə heyətləri arasında başlayan yeni atəşkəs danışıqları Yaxın Şərq münaqişəsinin gərgin mərhələsində mühüm diplomatik hadisə hesab olunur. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə aparılır, çünki tərəflər birbaşa təmasdan qaçır və aralarındakı dərin inamsızlıq hələ də qalmaqdadır. Bununla belə, danışıqların başlaması belə, prosesin yeni bir mərhələyə keçdiyini göstərir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoffun iştirakı Vaşinqtonun bu prosesi siyasi prioritetə çevirdiyini təsdiqləyir.
Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə də Qəzzada artan humanitar böhran və İsrailin təhlükəsizlik narahatlıqları tərəfləri danışıqlar masasına qayıtmağa vadar edib. Son aylarda İsrail HƏMAS-ın hərbi potensialını zəiflətmək məqsədilə Qəzzada genişmiqyaslı əməliyyatlar aparıb, HƏMAS isə Qəzza daxilində siyasi və ictimai dayaqlarını qorumağa, eyni zamanda beynəlxalq təzyiqləri artırmaq üçün girov məsələsini diplomatik alətə çevirməyə çalışıb. Belə bir şəraitdə Misirin təşəbbüsü və Amerikanın dəstəyi ilə keçirilən Şarm əl-Şeyx danışıqları həm regional sabitlik, həm də Tramp administrasiyasının xarici siyasətində mümkün uğur nümunəsi kimi dəyərləndirilə bilər.
Vaşinqtonun bu danışıqlara fəal qoşulmasının arxasında həm strateji, həm də siyasi motivlər dayanır. Prezident Donald Tramp Yaxın Şərq siyasətində son illərin ən riskli, eyni zamanda ən iddialı diplomatik xəttini izləyir. ABŞ regiondakı mövqelərini Rusiya və Çin kimi güclərin artan təsiri fonunda bərpa etməyə çalışır. Tramp administrasiyası üçün bu danışıqlardan əldə ediləcək istənilən müsbət nəticə atəşkəsin əldə olunması, girovların azad edilməsi və ya humanitar yardım dəhlizinin açılması — əlavə siyasi dividendlər deməkdir. Real nəticəyə və praqmatik yanaşmaya əsaslanan bu xətt bir tərəfdən səmərəli görünürsə, digər tərəfdən bəzi aktorlar, xüsusilə İran və “Hizbullah” tərəfindən “Amerika təsirinin bərpası” cəhdi kimi qiymətləndirilə bilər.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin vasitəçilik missiyası da Qahirənin regionda diplomatik nüfuzunu artırmaq məqsədi daşıyır. Misir uzun illərdir həm İsrail, həm də Fələstin arasında dialoqun yeganə sabit kanalı kimi çıxış edir. Qahirə sərhəd təhlükəsizliyinin təmin olunmasına, Qəzza zolağında nəzarətsiz silahlı qrupların güclənməsinin qarşısının alınmasına, eləcə də ABŞ və Körfəz ölkələri ilə strateji münasibətlərin möhkəmləndirilməsinə çalışır. Bu mənada Misir həm vasitəçi, həm də mümkün nəticələrin benefisiarı rolundadır. Uğurlu atəşkəs razılaşması Qahirənin regional statusunu əhəmiyyətli dərəcədə yüksəldə bilər.
Danışıqların gündəliyində iki əsas məsələ dayanır. Birincisi, atəşkəsin əldə olunması və mərhələli şəkildə davamlı sülhə keçid planıdır. İkincisi isə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsidir. Misir və ABŞ nümayəndələrinin danışıqların birinci gününün “müsbət atmosferdə” keçdiyini bildirməsi onu göstərir ki, ilkin razılaşma konturları formalaşmağa başlayıb. Girov məsələsi danışıqların əsas psixoloji və siyasi düyünü hesab olunur. HƏMAS bu kartdan həm beynəlxalq legitimlik qazanmaq, həm də İsraildən əməliyyatların dayandırılması və humanitar yardımın artırılması kimi güzəştlər əldə etmək üçün istifadə edir.
Şübhəsiz ki, bu danışıqların uğuru və ya uğursuzluğu bütövlükdə Yaxın Şərqdə güc balansına təsir göstərəcək. Əgər atəşkəs əldə olunarsa, Qəzza böhranı regiondakı gərginliyi azalda və iqtisadi sabitliyin bərpası üçün baza yarada bilər. Əgər danışıqlar pozularsa, vəziyyət daha genişmiqyaslı toqquşmalara, xüsusilə Livan və Suriyada yeni cəbhələrin açılmasına gətirib çıxara bilər.
Bundan əlavə, İranın bu prosesə reaksiyası mühüm amil olacaq. Tehran uzun illər HƏMAS-a siyasi və hərbi dəstək göstərib və mümkün atəşkəs razılaşması onun bölgədəki nüfuzuna zərbə vura bilər. Hazırda əsas fiqur ABŞ-dir. Vaşinqton həm İsraili, həm də HƏMAS-ı iqtisadi və siyasi vasitələrlə danışıqlar masasından uzaqlaşmamağa çalışır.
Əgər Şarm əl-Şeyx danışıqları nəticə verərsə, Tramp administrasiyası Yaxın Şərqdə son illərin ən böyük diplomatik nailiyyətinə imza atmış olacaq. Bu, həm də ABŞ-nin 2025-ci ildən etibarən Asiya və Avrasiya istiqamətlərində daha balanslı və çoxqütblü xarici siyasət kursuna keçidinin başlanğıcı kimi dəyərləndirilə bilər.
MTM Analitik Qrupu