Zəngəzur dəhlizi Şimal-Cənub marşrutunu necə gücləndirəcək? - TƏHLİL

Müasir dövrdə beynəlxalq ticarət və nəqliyyat-logistika şəbəkələrinin genişlənməsi qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan ərazisindən də keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Dəhlizin məqsədi Avropa, Rusiya, Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Hind okeanı hövzəsi arasında daha qısa, təhlükəsiz və səmərəli marşrut yaratmaqdır. Azərbaycan isə coğrafi mövqeyi, iqtisadi potensialı və müasir infrastruktur layihələri sayəsində bu dəhlizin əsas iştirakçılarından və aparıcı tranzit mərkəzlərindən birinə çevrilib.
Azərbaycanın geosiyasi mövqeyi onun strateji rolunu müəyyən edən başlıca amillərdən biridir. Şimal-Cənub dəhlizi məhz Azərbaycan sayəsində Avropa ilə Asiya arasında ən qısa quru marşrutu formalaşdırır. Alternativ yollarla müqayisədə, Azərbaycan üzərindən keçən xətt yükdaşıma müddətini əhəmiyyətli dərəcədə azaldır. Dəhlizin tam gücü ilə işləməsi üçün İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi reallaşmalıdır. Bu məsələ yenidən Rusiyanın nəqliyyat naziri Andrey Nikitin ilə İranın yol və şəhərsalma nazirinin müavini Huştanq Bazvand arasında müzakirə olunub. Nikitin vurğulayıb ki, layihə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas elementlərindən biridir və ona həm Rusiyada, həm də İranda ən yüksək səviyyədə nəzarət edilir.
Xatırladaq ki, hələ 2023-cü ildə Rusiya və İran Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalamışdı. Yolun inşasının ən azı üç il çəkəcəyi gözlənilir. Lakin bu müddətdə Zəngəzur dəhlizindən istifadə etməklə Şimal-Cənub marşrutundan maksimum fayda əldə etmək mümkündür. Zəngəzur dəhlizinin daha tez inşa olunacağı nəzərə alınsa, bu marşrut Şimal-Cənub dəhlizinə əlavə üstünlüklər vəd edir. Prezident İlham Əliyev də ötən ay “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Şərq-Qərb deyil, həm də Şimal-Cənub bağlantısını gücləndirəcək.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Şimal-Cənub marşrutuna əlavə dəstək olacaq:
“Çünki əvvəlcə planlaşdırılmış Şimal-Cənub dəhlizi Şimali Avropadan başlayaraq Rusiyadan, Azərbaycandan, İrandan keçməklə Fars körfəzinə qədər uzanır. Xəritəyə baxsanız, görərsiniz ki, bu, tamamilə Azərbaycan ərazisindən keçən real Şimal-Cənub dəhlizidir. Rusiya sərhədindən İran sərhədinədək dəmir yolu və magistral yollarımız var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik hissəni tikməlidirlər ki, bu da bir neçə il çəkəcək. Lakin həmin müddətdə Zəngəzurdan keçərək də Şimalla Cənubu birləşdirmək mümkündür. Deməli, əslində, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizidir”.
Beləliklə, Zəngəzur dəhlizi Şimal-Cənub marşrutunu daha da cəlbedici edir. Bu dəhlizin açılması ilə Azərbaycan üzərindən keçən yüklər həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində birləşəcək. Nəticədə yükdaşımaları daha sürətli və səmərəli olacaq. Dəhliz eyni zamanda Türkiyə və Orta Asiya ölkələri ilə inteqrasiyanı genişləndirəcək, alternativ marşrutlar yaradaraq daha dayanıqlı və təhlükəsiz sistem formalaşdıracaq. Azərbaycanın tranzit qovşaq mövqeyi güclənəcək və ölkə həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin təbii kəsişmə nöqtəsinə çevriləcək.
Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı üçün geniş işlər görüb. Bakı–Astara dəmir yolu xəttinin modernləşdirilməsi və İran sərhədinədək uzadılması, Astara çayı üzərində dəmir yolu körpüsünün və terminalın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən iri logistik mərkəzlərindən biri kimi dəhlizə inteqrasiya olunub. Bakı-Quba-Rusiya sərhədi və Bakı-Astara-İran sərhədi magistralları yenilənərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Bu layihə Azərbaycanın iqtisadiyyatına mühüm faydalar gətirir: tranzit gəlirlər artır, qeyri-neft sektoru inkişaf edir, ixrac imkanları genişlənir, idxal olunan malların daşınma xərcləri azalır. Bu isə daxili bazarda qiymət sabitliyinə də müsbət təsir göstərir.
Azərbaycan yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Şimal-Cənub dəhlizində əsas oyunçudur. Layihə ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir və çoxtərəfli əməkdaşlığa yeni platformalar yaradır. Gələcəkdə Rəşt-Astara yolunun tamamlanması, Bakı limanının ikinci mərhələsi və rəqəmsal gömrük xidmətlərinin tətbiqi ilə dəhlizin səmərəliliyi daha da artacaq. Bu isə Azərbaycanın regionun logistika liderinə çevrilməsinə xidmət edəcək.
MTM Analitik Qrupu