Dünən

Azərbaycan Qafqazda Çinin ən etibarlı tərəfdaşıdır - ŞƏRH

2020-ci il 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda geosiyasi reallıqlar dəyişib. Bu, bir sıra dövlətlərin Qafqaza marağını artırıb və hər bir siyasi paytaxt burada öz nüfuzunu genişləndirmək istəyir. Eyni zamanda bölgədəki resurslardan, təbii ehtiyatlardan, logistik layihələrdən yararlanmaq da bir sıra dövlətlərin əsas hədəfidir. Eyni zamanda Çin də Cənubi Qafqazda iqtisadi və siyasi sahələrdə iştirakını genişləndirməyə çalışır. Rəsmi Pekin regionda nəqliyyat, rəqəmsal infrastrukturla bağlı həyata keçirilən layihələrə böyük miqdarda vəsait ayırır. Çin öz nüfuzunu genişləndirmək üçün yumşaq gücdən də istifadə edir. Yəni, 2000-ci illərin əvvəlindən Cənubi Qafqaz ölkələrində humanitar, mədəni və təhsil mərkəzlərinin tikintisi üçün də vəsait ayrılır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ŞƏT sammiti çərçivəsində Çinə səfəri və burada bir sıra görüşlər keçirməsi, müqavilələr imzalaması da yuxarıda sadalananlarla bağlıdır. Rəsmi İrəvan Pekini Ermənistana cəlb etmək, Çin kapitalından faydalanmaq niyyətini güdür. Amma Çin-Ermənistan münasibətlərinə qısa nəzər saldıqda Pekinin bu Cənubi Qafqaz ölkəsinə maraq göstərmədiyi üzə çıxır. İki ölkə arasındakı iqtisadi münasibətlərə qısa nəzər salaq:

Ermənistandan Çinə ixrac sadəcə spirtli içkilərlə məhdudlaşır. Çinli turistlərin Ermənistana kütləvi axını yoxdur. Çin sərmayəsi də Ermənistanda Azərbaycan və Gürcüstanla müqayisədə hiss edilməyəcək səviyyədədir. Pekinli iş adamları Qafqaz ölkəsində böyük mis zavodu tikmək istəsələr də, bu niyyət Paşinyan hakimiyyəti dövründə puç olub. Şansi vilayətində xloropren kauçuku istehsalı ilə məşğul olan "Şansi-Nairit" birgə müəssisəsində erməni tərəfinin payı 40 faiz olsa da, bu sərmayənin də taleyi müəmmalıdır. Maraqlıdır ki, 2010-cu ildə istismara verən şirkət aradan keçən 15 il ərzində Çinin daxili bazarı üçün kauçuk istehsal edib və Ermənistan bir dəfə də olsun, sərmayədar kimi bu müəssisədən xeyir götürə bilməyib. Bu, 2017-ci ildə zavodun ildə 30 min ton rezin istehsal gücünə çatması fonunda belə dəyişməyib. Belə ki, əgər əvvəllər Ermənistan tərəfi üçün dividendlərin olmaması istehsal güclərinin kifayət qədər istifadə edilməməsi ilə izah edilirdisə, son 8 ildə bu izahat öz aktuallığını itirib. Dəfələrlə erməni rəsmiləri məsələ ilə bağlı Çinə səfər etsələr də, hələ də problem həll edilməyib.

Paralel olaraq, söyləmək lazımdır ki, Çin Cənubi Qafqazda nüfuzunu artırmaq üçün məhz Azərbaycanı seçib. Rəsmi Bakı Pekin üçün strateji partnyor olmaqla yanaşı, Çin-Mərkəzi Asiya-Avropa marşrutu üzərində yerləşən etibarlı tərəfdaşdır. Azərbaycan Çinə Rusiyadan yan keçən Avropaya gedən yeganə quru yolu ilə çıxış imkanı verir. Üstəlik, Çinin Cənubi Qafqaza marşrutu istər-istəməz Azərbaycandan keçir və bu, Bakını Çinin Avrasiya iqtisadi strategiyasının həyata keçirilməsində əsas elementə çevirir. Öz növbəsində, Çin investisiyaları Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsini sürətləndirə bilər. Beləliklə, Bakı ilə strateji tərəfdaşlığın inkişafı Pekinə Cənubi Qafqazda təsirini gücləndirmək üçün yeni imkanlar açır. Hazırda Çin və Azərbaycan arasında əməkdaşlıq ilk növbədə nəqliyyat və logistikaya yönəlib. Bununla belə, tərəfdaşlığın hərbi-texniki sahədə genişlənmə potensialı var. Buna misal olaraq Azərbaycanın Pakistan və Çinin birgə hazırladığı JF-17 Thunder Block-III qırıcılarını almasını göstərmək olar. Pekin Cənubi Qafqazda strateji mövcudluğunu artırmaqla Azərbaycanın hərbi potensialını daha da gücləndirə bilər. Pekin Azərbaycana Orta Dəhliz kimi strateji əlaqə təşəbbüslərində əsas qovşaq kimi baxaraq öz mövqeyini ortaya qoyub. Bakı ilə strateji tərəfdaşlığın gücləndirilməsi Çin tərəfindən Cənubi Qafqazda təsirinin artırılması üçün zəruri şərt kimi görünür.

Hikmət Həsənov

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?