Avropa Bakıya dəstək verir – Fransa isə oyundankənar qalır - TƏHLİL

Azərbaycan və Ermənistan arasında sülh prosesi və gələcək əməkdaşlıq məsələlərinin həlli uğurla irəliləyir. ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistan konstitusiyasında dəyişikliklər üçün görülən hazırlıqlar, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar təkcə iki ölkə arasında münasibətlərdə yox, həmçinin bütünlükdə Cənubi Qafqazın inkişafı baxımından yeni bir mərhələ açır. Eyni zamanda proses artıq Cənubi Qafqazı dünyanın daha çox diqqət obyektinə çevirir, regona qlobal marağı daha da artırır. Bunu Avropanın timsalında bir daha müşahidə etmək mümkündür.
Məsələ ilə bağlı Avropa İttifaqının Avropa Şurasındakı nümayəndə heyətinin bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi rifaha yaxınlaşmasına kömək edəcək. Bəyanatda o da vurğulanır ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Ağ Evdə sülh sazişininin mətninin parflanması uzun müddət davam etmiş münaqişəyə son qoyulması istiqamətində mühüm irəliləyiş olub.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono qeyd edir ki, təmsil etdiyi qurum yaxın tərəfdaş kimi, davamlı sülhə doğru konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək. Qeyd edilməlidir ki, xanım Maqdalena Qrono Azərbaycana və Ermənistana səfərlər edib. Ölkəmizdə olarkən o, Naxçıvana da səfər edib, Prezidentin buradakı xüsusi təmsilçisi Fuad Nəcəfli ilə görüşüb. Bu kontekstdə Maqdalena Qrono qeyd edib: “Naxçıvan Avropa və Asiya qitələri arasında yerləşən qlobal infrastruktur marşrutunun tam mərkəzində qərarlaşdığı üçün gələcəkdə mühüm logistika mərkəzinə çevriləcək. Əlbəttə, Naxçıvan mühüm strateji əhəmiyyətə malik bir ərazidir və burada bir çox əsas kommunikasiya xətləri və yolları kəsişir. Təəssüf ki, bu yolların bir çoxu uzun illərdir bağlı vəziyyətdədir və onlar, eyni zamanda, keçmiş münaqişənin bir hissəsini təşkil edib. Regionda kommunikasiya imkanları məhdud olub. Hesab edirəm ki, hazırda bu yolların açılması və ümumilikdə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı bütün region ölkələrinə fayda verəcək. Həm yolların açılması, həm də Avropa ilə Asiya – o cümlədən Orta Asiya ölkələri – arasında əlaqələrin qurulması və genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir”.
Bundan öncə isə Maqdalena Qrono Prezident İlham Əliyevlə görüşdə Avropa İttifaqının nəqliyyat dəhlizinin gerçəkləşdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib. Söhbət burada məhz Zəngəzur dəhlizindən gedir. Bundan əlavə, görüş zamanı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Bütün bunlar Avropa İttifaqının Zəngəzur dəhlizinə, ümumən Cənubi Qafqaza diqqət və marağının daha da artdığını, regionla əməkdaşlığının miqyasını genişləndirmək niyyətini ortaya qoyur. Avropa Şurası da burada sülh prosesinin dinamik inkişafını alqışlayır. Qurumun baş katibi Alain Berset Azərbaycanın və Ermənistanın imzaladığı Vaşinqton Bəyannaməsini potensial dönüş nöqtəsi adlandırıb: “Onun həyata keçirilməsi regionu barışıq, sabitlik və inkişaf yolu ilə dəyişdirə bilər. Avropa Şurası sülh yolunda Ermənistan və Azərbaycanı dəstəkləyəcək”.
Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlıq, eləcə də Zəngəzur dəhlizinin açılması Avropa üçün də müstəsna əhəmiyyətə malikdir. Bu, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfələr verəcək. Bunu Azərbaycan-Türkiyə IV Enerji Forumunda səslənən fikirlər kontekstində də görmək mümkündür. Tədbirdə qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də yaşıl enerjinin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrutdur. Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Naxçıvanla Türkiyə arasında əlverişli elektrik enerjisi bağlantıları Azərbaycanın digər bölgələrindən, Xəzər dənizindən, həmçinin Qazaxıstan və Özbəkistandan gələcək yaşıl enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya çatdırılması üçün həllini gözləyən vacib məsələlərdəndir. Bütün bunlar Avropanın Zəngəzur dəhlizinə marağını daha da artırır.
Belə vəziyyət Fransanın Cənubi Qafqazı çəkişmə və ziddiyyət meydanına çevirmək siyasətinin iflasının növbəti göstəricisi də hesab oluna bilər. Paris uzun illərdir ki, Ermənistanın açıq-aşkar tərəfini saxlayaraq regionda balanssız mövqe nümayiş etdirir. Bu yanaşma isə nəinki sülh prosesinə, əksinə, ziddiyyətlərin dərinləşməsinə xidmət edirdi. Məhz bu kontekstdə Fransa Ermənistanı aktiv şəkildə silahlandırdı. Amma Fransanın məqsədi bölgədə öz təsir imkanlarını artırmaq olsa da, bu siyasət əks nəticələr doğurdu, xüsusən Azərbaycanın Parisə inamını ciddi şəkildə sarsıtdı.
2020-ci ilin Vətən müharibəsindən sonra vəziyyət daha da aydın şəkildə ortaya çıxdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək beynəlxalq hüququn aliliyini bərpa etdi. Bu mərhələdən sonra sülh və əməkdaşlıq imkanlarının artacağı gözlənilirdi. Lakin Fransa bu prosesə konstruktiv şəkildə qoşulmaq əvəzinə, yenə də Ermənistana birtərəfli dəstəyini davam etdirdi. Parisin müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdirməyə çalışması, Ermənistanı hərbi-siyasi dəstək ilə təmin etmək istəyi, hətta Cənubi Qafqazda özünün hərbi-siyasi mövcudluğunu gücləndirmə cəhdləri regionda böyük narazılıq doğurdu. Elə bu da Parisin siyasətinin fiaskosunu şərtləndirən mühüm məqamlardan biri oldu. Fransanın bu siyasətinin iflasa uğramasının digər səbəbi region ölkələrinin öz maraqlarına əsaslanaraq əməkdaşlıq imkanlarını genişləndirməsidir. Ermənistan da başa düşdü ki, onun üçün ən düzgün yol Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, iqtisadi və nəqliyyat layihələrinə qoşulmaqdır. Bu istiqamətdə atılan addımlar Fransanı tamamilə oyundankənar vəziyyətdə qoyur.
Beynəlxalq aləmdə də Fransanın siyasəti dəstək tapmır. İndi Avropa İttifaqı daxilində belə Parisin mövqeyi birmənalı qarşılanmır. Əksər dövlətlər Cənubi Qafqazda sülhün, nəqliyyat dəhlizlərinin açılmasının, iqtisadi əməkdaşlığın güclənməsinin tərəfdarıdır. Ona görə də Fransa öz ambisiyalarını reallaşdıra bilmir və təcrid olunmuş vəziyyətdə qalır. Ən əsası isə, Azərbaycan artıq öz gücü ilə regionda yeni reallıqlar yaradıb. Ərazi bütövlüyünün bərpası və regionda sülh gündəliyinin irəli sürülməsi Parisin qərəzli siyasətini mənasız edib. Azərbaycan Ermənistanla qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq istəyir. Bunun alternativninn olmadığını Ermənistan da qəbul edir. Fransa bu prosesə mane olmaq istəsə də, uğur qazana bilmir. Çünki reallıqlar artıq dəyişib və bu reallıqlar region dövlətlərinin maraqlarına xidmət edir. Azərbaycanın yanaşması odur ki, regionun gələcəyi əməkdaşlıq, sülh və inteqrasiya üzərində qurulmalıdır. Xarici güclərin birtərəfli və qərəzli yanaşmaları isə uğursuz nümunədir. Bunu artıq Fransa özü də yaxşı başa düşür.
MTM Analitik Qrupu