Azərbaycan–Rusiya münasibətləri: böhran, etimad və bərpa üçün şərtlər - TƏHLİL

Azərbaycanla Rusiya arasında münasibətlər son onilliklərdə qarşılıqlı maraqlar, mehriban qonşuluq prinsipləri və aktual çağırışlar üzərində formalaşıb. İkitərəfli əlaqələr iqtisadi, siyasi, mədəni və humanitar sahələri əhatə etməklə yüksələn xətt üzrə inkişaf edib. Lakin ötən ilin dekabrın 25-də “AZAL”-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulması və Moskvanın bu faciədən sonra münasibətləri nizama salmaq istiqamətində addım atmaması rəsmi Bakının haqlı etirazına səbəb olub.
Azərbaycan müstəqillik illərində qonşu ölkələrlə münasibətlərini beynəlxalq hüquq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurub. Rəsmi Bakı heç vaxt regionda hegemonluq cəhdlərinə göz yummayıb, milli maraqların qorunmasını xarici siyasətində əsas prioritet elan edib. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vurğuladığı kimi, münasibətlərin gərginləşməsinə görə məsuliyyət rəsmi Bakıya yox, Moskvaya aiddir. Çünki Rusiya nəinki beynəlxalq hüquqa, hətta ikitərəfli sazişlərə də zidd mövqe sərgiləyərək təyyarə qəzasına görə məsuliyyət daşımır, üzr istəmir, istintaq aparmır və günahkarları cəzalandırmır.
2025-ci ilin əvvəlində Azərbaycanın dövlət qurumlarının saytlarına qarşı kiberhücumların izi Rusiyaya aparırdı. Ardınca azərbaycanlıların Rusiyada əsassız həbsləri, zorakılığa məruz qalması, hətta ölüm hallarının qeydə alınması Moskvanın “imperiya təkəbbürü” ilə hərəkət etdiyini göstərdi. İki azərbaycanlının ölümü “ürək tutması” kimi izah edildi, istintaq saxtalaşdırıldı. Bu, haqlı olaraq ölkə ictimaiyyətində qəzəb doğurdu.
Əslində, Azərbaycan analoji hallarda Rusiyaya qarşı tam fərqli mövqe sərgiləyib. 2020-ci ilin noyabrında səhvən vurulmuş Mi-24 helikopterinə görə rəsmi Bakı dərhal üzr istəyib, təzminat ödəyib, cinayət işi açıb və məsul şəxsləri cəzalandırıb. Halbuki, həmin helikopter Ermənistan sərhədində qeyri-müəyyən uçuş həyata keçirirdi. Rusiya tərəfinin susqunluğu və məsuliyyətdən yayınması isə Azərbaycanda etimad böhranı yaradıb.
Son aylarda Moskvanın müəyyən yumşaldıcı addımlar atdığı da görünür. Prezident Vladimir Putin açıqlamasında “problemlərin yaranmasına baxmayaraq, Azərbaycanla münasibətlərin fundamental xarakter daşıdığını və qarşılıqlı maraqların sonda hər şeyi öz yerinə qoyacağını” bildirib. Bu isə rəsmi Moskvanın əlaqələrin pisləşməsində maraqlı olmadığını göstərir.
Azərbaycan diplomatik jestləri qiymətləndirir, amma münasibətlərin normallaşması üçün aydın şərtlər irəli sürür: vurulmuş sərnişin təyyarəsinə görə üzr istənilməli, obyektiv istintaq aparılmalı, təqsirkarlar cəzalandırılmalı, həlak olanların ailələrinə təzminat ödənilməlidir. Əks halda, 2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” əsasında əməkdaşlığın davam etməsi mümkün olmayacaq. Etimadın bərpası daha çox Rusiyanın siyasi iradəsindən və konkret addımlarından asılıdır.
Münasibətlərin bərpası bu gün Qərbin sanksiyaları ilə üzləşən, Ukraynadakı müharibəyə görə nüfuzunu itirən Rusiya üçün daha da vacibdir. Azərbaycan isə regionda etibarlı tərəfdaş, enerji və nəqliyyat layihələrinin lokomotivi, mühüm tranzit mərkəzidir. Bakı ilə əlaqələrdə soyuqluq Moskvanın Türkiyə ilə münasibətlərinə də mənfi təsir göstərə bilər.
MTM Analitik Qrupu