Ermənistan üçün 102-ci hərbi baza təhdidi artır - ŞƏRH

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazası rəsmi olaraq bu ölkənin təhlükəsizliyinin təminatçılarından biri kimi təqdim edilsə də, real durum fərqli mənzərəni ortaya qoyur. Moskva bunu Ermənistanı xarici təhlükələrdən qorumaq zərurəti ilə əsaslandırır. Lakin faktiki olaraq belə bir təhlükə yoxdur və bu bazanın mövcudluğu Ermənistan üçün faydadan daha çox risk daşıyır, onun müstəqilliyi, suverenliyi və inkişaf perspektivlərinə zərbə vuran amilə çevrilir.
Qeyd edilməlidir ki, Gümrüdəki hərbi baza 1990-cı illərin əvvəllərində, Ermənistanın yenicə müstəqillik qazandığı dövrdə yaradılıb. Rusiya ölkənin zəifliyindən istifadə edərək Cənubi Qafqazda maraqlarını təmin etmək üçün 102-ci hərbi bazadan yararlanıb. Bu və digər vasitələr nəticəsində Ermənistan müdafiə və xarici siyasət sahəsində müstəqil qərar vermək imkanını faktiki olaraq itirib. İmzalanmış sazişlər Moskvaya bazanın icarə müddətini 2044-cü ilə qədər uzatmaq imkanı verib. Lakin indi Ermənistanda etiraf edirlər ki, bu, bərabərhüquqlu tərəfdaşlıq deyil, bir ölkənin digərindən asılılığının təzahürüdür.
Nüfuzlu “Əl-Cəzirə” telekanalının şərhinə görə, Rusiya ilə Ermənistanın münasibətlərində baş verən son proseslər iki ölkənin gələcək əməkdaşlıq perspektivlərini sual altına alır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İrəvan və Bakının avqust ayında sülh sazişi imzalamasından sonra bu məsələnin aktuallığı daha da artıb. Qeyd olunur ki, bu “geosiyasi fırtına”nın mərkəzində Ermənistanın ikinci böyük şəhəri və Rusiya-Ermənistan təhlükəsizlik tərəfdaşlığının əsas komponenti olan Gümrüdəki hərbi bazanın taleyi dayanır.
Erməni rəsmilər artıq bəzi sahələrdə Moskva ilə təhlükəsizlik əməkdaşlığını dayandırıblar. İlk addım kimi 1990-cı illərdən İrəvan Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətini həyata keçirən rus sərhədçiləri ölkədən çıxarılıb. Bununla belə, şərhin müəllifi Fahim əl-Suraniyə görə, Gümrüdəki hərbi bazanın bağlanması məsələsi hələ də mübahisəli olaraq qalır. Rusiyalı ekspert Dmitri Babiç hesab edir ki, Ermənistan daxildə qeyri-sabitlik və xarici təzyiqlərlə üz-üzədir. Baş nazir Nikol Paşinyan isə tərəflərdən heç birini, o cümlədən Rusiyanı təhrik etmədən balansı saxlamağa çalışır.
Məqalədə vurğulanır ki, Ermənistan Rusiyanın hərbi mövcudluğundan imtina edərsə, bu, münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Digər tərəfdən, sual yaranır: bu baza Rusiyanın özünə lazımdırmı? Ermənistan Fransa və Avropa İttifaqı ilə hərbi əlaqələr qurmağa çalışsa da, hələ də Moskva ilə sıx bağlı olaraq qalır.
İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar Ermənistan üçün risk yaradır. Rusiya bazası Qərbə inteqrasiya cəhdlərinin qarşısını alır və hakimiyyətin xarici siyasət kursu ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Ermənistanda bazanın bağlanması ilə bağlı çağırışlar artır. Siyasi qüvvələr və vətəndaş cəmiyyəti bununla bağlı etiraz aksiyaları keçirirlər.
Xarici hərbi bazanın mövcudluğu Ermənistanın real suverenliyini şübhə altına alır. İrəvan hökuməti xarici siyasət qərarlarını qəbul edərkən Moskvaya hesab verməyə məcburdur. ABŞ və ya Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri dərhal Kreml tərəfindən təzyiq vasitəsinə çevrilir. Beləliklə, Ermənistan dövlətçiliyi Rusiya geosiyasətinin girovuna çevrilir.
Rusiya ordusunun ölkədə otuz ildən artıq mövcudluğu sosial və kriminal risklər də yaradır. Ən məşhur hadisə 2015-ci ildə rus əsgəri Valeri Permyakovun Gümrüdə 7 nəfərlik ailəni qətlə yetirməsi olmuşdu. Bu faciə geniş etirazlara səbəb olmuş və xarici ordunun əhali üçün təhlükə yaratdığını göstərmişdi.
Bu gün Ermənistan çoxvektorlu siyasət yürütməyə, Azərbaycan, Türkiyə və Qərb ilə əməkdaşlığa can atır. Lakin Rusiya bazasının mövcudluğu bu səyləri ciddi məhdudlaşdırır. Qərb tərəfdaşları isə Ermənistanı Moskvanın təsiri altında olan dövlət kimi qəbul edirlər.
Prezident İlham Əliyev ötən ay “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Rusiyanın Ermənistanda hərbi bazası və minlərlə hərbçisi var, Ermənistanın İran və Türkiyə ilə sərhədi rus sərhədçiləri tərəfindən qorunur. “Azərbaycan torpağında isə bir nəfər də olsun rus əsgəri yoxdur”, – deyə dövlət başçısı vurğulayıb.
Erməni cəmiyyətində artıq belə fikir güclənir ki, Rusiya bazası heç bir real fayda gətirmir. Avropaya yönəlmiş gənc nəsil onu asılılıq və alçaldıcı faktor kimi qəbul edir. Uzunmüddətli perspektivdə bu, müqavilələrin yenidən nəzərdən keçirilməsinə və xarici qoşunların çıxarılmasını tələb edən hərəkatın artmasına səbəb ola bilər.
Nəticə etibarilə, Gümrüdəki Rusiya hərbi bazası əvvəllər Ermənistanın təhlükəsizliyi üçün nəzərdə tutulsa da, indi təhdid mənbəyinə çevrilib. Bu baza ölkənin suverenliyini zəiflədir, hərbi risklər yaradır və xarici siyasətini məhdudlaşdırır. Ermənistanda isə getdikcə daha çox səsləndirilir ki, bu mövcudluğun rolunu yenidən nəzərdən keçirmək lazımdır.
MTM Analitik Qrupu