Azərbaycan beynəlxalq münaqişələrin dialoq ünvanına çevrilir - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində vasitəçilik missiyası dövlətlərin diplomatik fəaliyyətində mühüm istiqamətlərdən biri kimi çıxış edir. Qlobal və regional miqyasda baş verən münaqişələr, siyasi qarşıdurmalar, iqtisadi maraqların toqquşması fonunda tərəflər arasında dialoqu təmin edə bilən, etimad qazanan və neytral mövqe sərgiləyən ölkələr beynəlxalq vasitəçilikdə mühüm rol oynayırlar. Azərbaycan son illərdə yalnız regional enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi deyil, həm də müxtəlif beynəlxalq proseslərdə vasitəçi, dialoq platforması və müzakirə mərkəzi kimi çıxış edərək bu sahədə öz mövqeyini gücləndirməkdədir.
Azərbaycanın beynəlxalq vasitəçilik missiyasının formalaşmasında bir neçə amil mühüm rol oynayır. İlk növbədə ölkənin coğrafi mövqeyi burada öz sözünü deyir. Məsələ burasındadır ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, Şərqlə Qərbin qovşağında yerləşməklə, müxtəlif siyasi, iqtisadi və mədəni maraqların təmas nöqtəsinə çevrilib. Bu isə ölkəni müxtəlif güclərin dialoqu üçün əlverişli məkana çevirir. Başqa mühüm amil Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasətidir. Rəsmi Bakı bütün tərəfdaşlarla münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Bu siyasət ona həm region ölkələrinin, həm də böyük güclərin etimadını qazanmaq imkanı yaradıb. Azərbaycan eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi qlobal miqyasda 120-dən çox ölkə ilə əməkdaşlıq çərçivəsində dialoq platforması yaratmaqla beynəlxalq müstəvidə etibarlı tərəfdaş obrazını gücləndirib. Digər amil isə Azərbaycanın tarixi və mədəni müxtəliflik təcrübəsidir. Ölkə müxtəlif dinlərin, mədəniyyətlərin və millətlərin sülh şəraitində birgə yaşadığı məkan kimi tanınır. Bakı şəhəri dəfələrlə dinlərarası dialoq, multikulturalizm və mədəniyyətlərarası əməkdaşlıq mövzusunda beynəlxalq konfranslara ev sahibliyi edib. Bu ənənə Azərbaycanı vasitəçi kimi daha da cəlbedici edir.
Elə indi də müəyyən güclərin aralarında münasibətlərin dialoq yolu ilə tənzimlənməsində ölkəmiz vasitəçi kimi həlledici rola malikdir. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu xüsusda maraqlı nüanslara toxunub. Suriya ilə İsrail arasında münasibətlərin tənzimlənməsində Azərbaycanın rolundan danışarkən dövlət başçısı qeyd edib: “Yeri gəlmişkən, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək”.
Prezident İlham Əliyev İsrail ilə Türkiyə arasında da yaranan gərginliyin aradan qaldırılmasında Azərbaycanın vasitəçilik missiyasına toxunub: “Biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq. Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib. Bilirsiniz ki, İsrail Prezidenti İsxak Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq”. Burada xüsusi qeyd edilməlidir ki, İsrail və Türkiyə arasında gərgin münasibətlərin indiyə qədər açıq qarşıdurma həddinə keçməməsində Azərbaycanın vasitəçilik fəaliyyəti müstəsna önəm kəsb edib.
O da vurğulanmalıdır ki, Azərbaycanın dünya ökələri, təşkilatları ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malikdir və bu da vasitəçilik prosesinə təsirsiz ötüşmür. Elə qeyd edilənlərin nəticəsidir ki, bundan əvvəl Rusiya və ABŞ, NATO generalları bir neçə dəfə Azərbaycanın paytaxtı Bakıda dialoq üçün bir araya gəliblər. Bu gün də dünya siyasi xəritəsinə diqqət yetirildikdə bir daha Bakının müxtəlif qütblərdə dayanan ölkə və təşkilatları bir araya gətirmək üçün unikal imkanlara malik olduğu dərhal özünü büruzə verir.
Xatırlatmaq lazım gəlir ki, Qoşulmama Hərəkatı çərçivəsində də Azərbaycan vasitəçilik və dünya üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslər müstəvisində genişmiqyaslı fəaliyyət həyata keçirib, keçirməkdə də davam edir. Hələ 2019-cu ildə sözügedən Hərəkatın sədri seçilən Azərbaycan COVID-19 pandemiyası dövründə beynəlxalq həmrəylik təşəbbüsləri ilə çıxış etdi. Bakı BMT Baş Assambleyasında pandemiya ilə mübarizə üzrə xüsusi sessiyanın keçirilməsinə nail oldu və bu, qlobal həmrəylik üçün mühüm addım kimi qiymətləndirildi. Bundan başqa, Azərbaycan enerji diplomatiyası çərçivəsində də vasitəçi rolunu icra edir. Ölkə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olmaqla yanaşı, həm də Xəzər dənizi hövzəsində dövlətlər arasında əməkdaşlıq mühitinin yaradılmasında fəal rol oynayır. Ölkəmiz mədəniyyətlərarası dialoq sahəsində də vasitəçilik missiyasını uğurla yerinə yetirir. “Bakı Prosesi” adı ilə tanınan təşəbbüs artıq beynəlxalq platformaya çevrilib. Bu təşəbbüs çərçivəsində müxtəlif qitələrdən dövlət, beynəlxalq təşkilat və qeyri-hökumət qurumlarının nümayəndələri bir araya gələrək mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edirlər.
Azərbaycanın vasitəçilik fəaliyyəti regional müstəvidə də özünü göstərir. Sirr deyil ki, Cənubi Qafqaz regionu tarixi ziddiyyətlər və geosiyasi maraqların toqquşması səbəbindən həmişə mürəkkəb münasibətlər məkanına çevrilib. Bu şəraitdə Azərbaycan regionun sülh və əməkdaşlıq platformasına çevrilməsi üçün ardıcıl addımlar atır. Ölkəmiz 2020-ci ildə başa çatan Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması təşəbbüsləri ilə çıxış edib. Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması istiqamətində Bakı konstruktiv mövqe nümayiş etdirib. Azərbaycan, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasını təkcə ikitərəfli deyil, bütün region ölkələrinin maraqlarına xidmət edən əməkdaşlıq layihəsi kimi təqdim edir.
Beləliklə, Azərbaycanın vasitəçilik missiyası onun müasir diplomatiyasının ayrılmaz hissəsinə çevrilib. Regional əməkdaşlıq təşəbbüslərindən tutmuş qlobal səviyyədə dialoq platformalarının təşviqinə qədər geniş fəaliyyət sahəsini əhatə edən bu missiya Azərbaycanın dünyada nüfuzunu artırır. Azərbaycan həm regional sabitlik, həm də beynəlxalq sülh prosesinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Bu siyasətin davam etdirilməsi ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və Azərbaycanın vasitəçilik missiyasını daha geniş miqyasda reallaşdırmasına imkan yaradır.
MTM Analitik Qrupu