Çingiz Məmmədov: Rusiya təzyiqlə Bakını yolundan döndərə bilməz - RƏY

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq heç bir hüquqi və insani çərçivəyə sığmır.
Bunu təhlil.az saytına açıqlamasında müstəqil ekspert, BMT İnkişaf Proqramının Azərbaycandakı layihələrinin keçmiş rəhbəri, müstəqil ekspert Çingiz Məmmədov bildirib.
Yekaterinburqda həlak olan azərbaycanlıların Bakıda aparılan məhkəmə-tibbi ekspertizasının nəticələrinə istinad edən ekspert deyib: “Qurbanlardan birinin qabırğası tamamilə yox idi. Eyni zamanda, ağciyərlərinə və qarın boşluğundakı orqanlara ciddi zərbələr endirildiyi müəyyən olunub. Bu insanlar sözün əsl mənasında ölümcül şəkildə döyülüblər”.
Onun sözlərinə görə, bu hadisələr təkcə zorakılıq deyil, Azərbaycan-Rusiya münasibətlərinə təzyiq göstərmək üçün Moskvada düşünülmüş taktikanın bir hissəsidir.
“Azərbaycan Qroznı səmasında vurulan sərnişin təyyarəsi ilə bağlı məsələni bağlamaq istəmir və barışmaz mövqe nümayiş etdirir. Digər tərəfdən, Bakı Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir və bu da Moskvanı qıcıqlandırır. Prezident İlham Əliyevin 9 May Qələbə Paradında iştirak etməməsi də Azərbaycanın siyasi müstəqilliyini nümayiş etdirdi”.
Ç. Məmmədovun fikrincə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə Moskva Azərbaycana təzyiq imkanlarını itirib və indi bu boşluğu diaspor üzərində təzyiqlə doldurmağa çalışır:
“Moskvada belə bir düşüncə formalaşıb: Rusiyadakı Azərbaycan diasporuna təzyiq göstərməklə Bakını müəyyən güzəştlərə məcbur etmək olar. Amma bu, çox yanlış yanaşmadır. Çünki bu cür addımlar Rusiyanın öz daxilində dərin böhranın əlamətidir”.
Ekspert hesab edir ki, Rusiya azərbaycanlı miqrantlardan siyasi məqsədlərlə istifadə etmək istəyir, lakin onların əksəriyyəti bu oyunun bir hissəsi olmaq istəmir:
“Moskva azərbaycanlıları Ukrayna cəbhəsinə göndərmək üçün müxtəlif vasitələrə əl atır. Amma azərbaycanlılar ‘Putinin piyadası’ olmaq niyyətində deyillər. Onlar Rusiya vətəndaşlığını qəbul etməkdən çəkinir, çünki Ukraynada asan hədəfə çevrilmək istəmirlər”.
O əlavə edib ki, Rusiyanın antimiqrasiya siyasəti öz maraqlarına ziddir, çünki bu ölkə artıq miqrantlar olmadan sosial-iqtisadi funksiyalarını yerinə yetirə bilmir:
“Rusiya əhalisi sürətlə azalır, əmək bazarında ciddi boşluq yaranır. Bu şəraitdə miqrantları hədəf almaq öz ayağına atəş açmaq deməkdir”.
Rasim Babayev