“Rusiyadakı media azərbaycanlıları hədəfə alıb” – Namiq Əliyev - AÇIQLAMA

Yekaterinburqda azərbaycanlılara qarşı Rusiya təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi zorakılıq və qətl hadisələrinin arxasında erməni diasporunun məqsədli fəaliyyəti dayanır.
Bunu təhlil.az saytına açıqlamasında Azərbaycanın Moldova və Gürcüstandakı keçmiş səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev bildirib.
“Yekaterinburqda baş verənlər heç bir hüquqi və insani məntiqə sığmır. Əgər ortada şübhə varsa, insanlar dindirilməli, rəsmi şəkildə saxlanmalı, qanun çərçivəsində araşdırılmalıydı. Amma öldürmək? Bu artıq qəsddir”, - deyə sabiq səfir qeyd edib.
Professorun sözlərinə görə, bu hadisələr təkcə konkret şəxslərə qarşı zorakılıq deyil, həm də Azərbaycan-Rusiya münasibətlərini sarsıtmağa yönəlmiş geniş miqyaslı planın tərkib hissəsidir:
“Bu açıq şəkildə ikitərəfli münasibətlərə xələl gətirmək cəhdidir. Ermənilər bu gün Rusiyanı daxildən zəiflətmək üçün qonşularla münasibətləri gərginləşdirməyə çalışırlar.”
N. Əliyev vurğulayıb ki, erməni diasporu məqsədyönlü şəkildə informasiya müharibəsi aparır:
“Media üzərindən azərbaycanlıları cinayətkar kimi təqdim etməyə çalışırlar. Bu, milliyyətə əsaslanan təqib və etiketləmədir. Hadisələrə haqq qazandırmaq üçün media üzərindəki erməni təsirindən istifadə edilir”.
Onun fikrincə, bu dezinformasiyanın arxasında erməni əsilli tanınmış media fiqurları dayanır:
“Marqarita Simonyan, Aram Qabrelyanov və digərləri media vasitəsilə saxta məlumatlar yayır, cinayəti gizlətməyə çalışırlar. Halbuki, real faktlar, video görüntülər, meyitlər üzərində aparılmış ekspertizalar ortadadır”.
Professor əlavə edib ki, bu informasiyaların manipulyasiyası təkcə bir etnosu hədəfə almaq deyil, regionda etnik gərginliyi alovlandırmaq cəhdidir.
Rasim Babayev