“Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın çəkisi artır - ŞƏRH

Azərbaycanla Çin arasında münasibətlər artıq təkcə ikitərəfli diplomatik çərçivədə deyil, geniş bir geosiyasi və geoiqtisadi koordinat sistemində dəyərləndirilir. Son illərdə bu münasibətlər təkamül mərhələsini keçərək strateji tərəfdaşlığa çevrilib. Artıq Bakı ilə Pekin arasında münasibətlər protokol görüşlərindən daha çox, konkret planlara, qarşılıqlı maraqlara və qlobal layihələrdə uzlaşmaya söykənir.
Bunu təsdiqləyən son nümunələrdən biri Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpinlə 2024-cü ilin yayında Astanada imzaladığı “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dir. Bu sənəd sadəcə iki ölkənin dostluğunun ifadəsi deyil, həm də qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün tanınması və dəstəklənməsi baxımından beynəlxalq münasibətlər sistemində nadir nümunədir. Azərbaycan “Vahid Çin” prinsipinə açıq və birmənalı dəstəyini ifadə edərkən, Pekin də Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Burada diplomatiya təkcə nəzakət yox, həm də sabitliyin və uzunmüddətli əməkdaşlığın zəmanətinə çevrilir.
İki ölkə arasında sürətlənən münasibətlər 2025-ci ildə daha da dərinləşib. Prezident İlham Əliyevin Çinə reallaşdırdığı dövlət səfəri və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycanla Çin arasında dinamikanı yeni mərhələyə daşıdı. Bu sənədlərdən biri də iyun ayında təsdiqlənən vizasız gediş-gəliş sazişidir. Bu addım münasibətlərin dərinliyinin real nəticəsidir və qarşılıqlı etimadın bariz nümunəsidir. Artıq Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə viza almadan səyahət edə biləcək bu, həm iqtisadi, həm də humanitar əlaqələr üçün önəmli dönüş nöqtəsidir. İş adamlarından tutmuş turizm operatorlarına, təhsil layihələrindən mədəniyyət mübadiləsinə qədər bir çox sahədə yeni imkanlar yaradır.
Lakin münasibətlərin ən geniş strateji əhəmiyyətə malik istiqaməti şübhəsiz ki, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsindəki əməkdaşlıqdır. Prezident İlham Əliyevin təsdiqlədiyi “Birgə Təşviq üzrə Əməkdaşlıq Planı” Azərbaycanın bu nəhəng qlobal layihəyə inteqrasiyasını rəsmi şəkildə dərinləşdirir. Çin üçün bu layihə Avrasiya məkanında iqtisadi, nəqliyyat və enerji əlaqələrinin genişləndirilməsi deməkdirsə, Azərbaycan üçün bu, tranzit və logistika gücünün reallaşdırılması, eyni zamanda regiondakı lider mövqeyinin möhkəmləndirilməsi anlamına gəlir.
Azərbaycanın Orta Dəhlizdə oynadığı rol bu kontekstdə mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı və Azad İqtisadi Zona kimi layihələr sadəcə texniki infrastruktur deyil, onlar həm də Azərbaycanın qlobal nəqliyyat xəritəsindəki çəkisini müəyyən edən əsas sütunlardır. Bu infrastruktur yalnız malların daşınmasını deyil, onların izlənməsi, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal inteqrasiyanın təmin edilməsini də mümkün edir.
“Bir Kəmər, Bir Yol” təşəbbüsünə qoşulmaq Azərbaycan üçün təkcə iqtisadi dividendlər anlamına gəlmir. Bu, eyni zamanda ölkənin geosiyasi sabitliyin təminatçısı və regional əməkdaşlığın təşviqçisi kimi yeni kimliyini ortaya qoyur. Azərbaycanın bu layihəyə verdiyi töhfə bir tərəfdən Avropa üçün etibarlı enerji və kommunikasiya dəhlizi, digər tərəfdən isə Çin üçün sabit və proqnozlaşdırıla bilən tərəfdaş imici formalaşdırır.
Rəsmi Bakı “Kəmər və Yol” təşəbbüsünü sadəcə iqtisadi imkan kimi deyil, həm də qlobal sabitliyin, dayanıqlı əməkdaşlığın rəmzi kimi qəbul edir. Bu layihə Azərbaycanın beynəlxalq sistemdəki çoxşaxəli siyasətinə uyğun gəlir və ölkənin balanslaşdırılmış diplomatiyasını daha da gücləndirir. Çinlə strateji tərəfdaşlıq Azərbaycanın yalnız şərqə deyil, həm də bütün Avrasiya məkanına açılan yeni pəncərəsi kimi dəyərləndirilə bilər.
MTM Analitik Qrupu