İqtisadiyyat gərginlik içində – İsrail-İran qarşıdurmasının nəticələri - TƏHLİL

Yaxın Şərqdə alovlanan yeni müharibə ocağı, İsrail və İran arasında şiddətlənən qarşıdurma təkcə regionun deyil, bütün dünyanın iqtisadi nəbzini sürətləndirməyə başlayıb. Qlobal maliyyə sistemində baş verən sarsıntılar, enerji qiymətlərində qeyri-adi dalğalanmalar və inflyasiya təzyiqləri bu qarşıdurmanın geoiqtisadi nəticələrinin artıq real və dərin olacağını göstərir.
İsrailin iyunun 13-də İranın hərbi və nüvə obyektlərinə hava zərbələri endirməsi ilə başlayan yeni mərhələnin bir neçə saat içində qlobal maliyyə sistemindəki əks-sədası duyuldu. Kapital axını dərhal təhlükəsiz limanlara, qızıl, neft və sabit istiqrazlara yönəldi. Bu reaksiya göstərir ki, investorlar savaşın qısamüddətli deyil, dərin və uzunmüddətli iqtisadi nəticələrə yol açacağından ehtiyat edirlər. Elə həmin gün neftin bir barelinin qiyməti 78 dolları keçərək son 5 ayın rekordunu qırdı.
Qaz bazarlarında da eyni dinamika müşahidə olunur. Avropada Hollandiyanın TTF qaz qovşağında fyuçerslərin qiyməti 2,21% artaraq min kubmetr üçün 470,92 dollara çatıb. Əgər müharibəyə regiondakı digər güclər xüsusilə ABŞ də qoşularsa, bu qiymət artımı dayanıqlı trenda çevrilə bilər.
İranın qlobal neft tədarükünün 20%-nin keçdiyi Hörmüz və Bab əl-Məndəb boğazlarını bağlama ehtimalı neft qiymətlərində ciddi sıçrayışa səbəb ola bilər. Körfəz ölkələrinin ixracının 90%-i bu boğazlardan keçdiyi üçün istənilən hərbi risk bu arteriyaları iflic edə bilər. Bu isə sadəcə qiymət artımı yox, həm də qlobal təchizat zəncirində yeni tıxaclar və daşınma xərclərində kəskin sıçrayış anlamına gəlir.
İsrailin İrana məxsus "Cənubi Pars" qaz yatağına dron zərbəsi və qarşılıqlı neft emalı zavodlarına hücumlar neft-qaz infrastrukturunun birbaşa müharibə hədəfinə çevrildiyini göstərir. Bu, həm istehsal, həm də nəqliyyat sahəsində yeni risklər yaradır və beynəlxalq şirkətləri alternativ marşrutlar axtarmağa məcbur edir.
"JPMorgan" analitiklərinin proqnozuna görə, müharibə dərinləşərsə, neftin qiyməti bir barel üçün 100 dollara çatacaq. Bu isə bizi 2022-ci ilin enerji böhranına, yəni Rusiya-Ukrayna müharibəsinin başlanğıcındakı vəziyyətə qaytara bilər.
ABŞ-də son aylarda inflyasiya səviyyəsində müsbət dinamika müşahidə olunurdu. Lakin neftin qiymətindəki artım bu uğuru sual altına salır. "Oxford Economics"ə görə, neft qiymətlərində hər 10 dollarlıq artım ABŞ-də inflyasiyanı 0,5 faiz bəndi artırır. Əgər "JPMorgan"ın 120 dollar/barel ssenarisi reallaşarsa, ABŞ-də inflyasiya 5%-ə çata bilər.
Hazırda dünya mərkəzi bankları çətin seçim qarşısındadır. Ya inflyasiya ilə mübarizə aparmaq üçün faizləri qaldırmaqla iqtisadi durğunluğa səbəb olacaqlar, ya da faizləri aşağı saxlayıb inflyasiyanın sürətlənməsinə yol verəcəklər. Bu klassik "staqflyasiya" ssenarisinin qapısını aralayır.
Azərbaycan üçün isə bu proseslər həm fürsət, həm də çağırış yaradır. Neft və qaz qiymətlərinin artımı ölkəyə əlavə valyuta daxilolmaları gətirsə də, Azərbaycan bu artımın siyasi xaosdan deyil, iqtisadi inkişafdan qaynaqlanmasında maraqlıdır. Hazırkı göstəricilər də bu yanaşmanı dəstəkləyir. Cari ilin ilk 5 ayında ÜDM 1,5% artıb, qeyri-neft sektorunda isə bu artım 3,9%-ə çatıb.
İran-İsrail qarşıdurması fonunda dünya iqtisadiyyatında risklər artır. Enerji resurslarının qiymətindəki oynaq dinamika, təchizat zəncirlərindəki narahatlıqlar və maliyyə bazarlarında artan qeyri-müəyyənlik onu göstərir ki, Yaxın Şərqdəki hər bir qığılcım qlobal səviyyədə iqtisadi fırtınaya səbəb ola bilər. Hər kəsin gözü indi oradadır.
MTM Analitik Qrupu