Qlobal xaosun içində sabitlik aktoru: Azərbaycan niyə fərqlidir? - TƏHLİL

Dünya artıq uzun müddətdir böhranlar dövründə yaşayır. Klassik beynəlxalq hüquq işləmir, güc balansı pozulub, qlobal etimadsızlıq və xaos sürətlə dərinləşir. Rusiya-Ukrayna müharibəsi üçüncü ilini arxada qoyur, Yaxın Şərqdə İran-İsrail qarşıdurması regional təhlükəsizlik sistemini sarsıdır, ABŞ-Çin rəqabəti isə ticarət və texnologiyadan təhlükəsizlik sahəsinə keçib. Belə bir vaxtda müstəqil və praqmatik xarici siyasət yürüdə bilən ölkələrin sayı olduqca məhduddur. Azərbaycan bu azsaylı dövlətlər arasında seçilərək, milli maraqlara əsaslanan, ardıcıl və çoxvektorlu diplomatik xəttini qorumağı bacarıb.
Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, güc yox, əməkdaşlıq və sülh dialoquna əsaslanır. Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alan “ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır” fikri, ölkəmizin bu məsələyə yanaşmasının fəlsəfəsini aydın ifadə edir.
Rəsmi Bakı heç bir qütbün tərkib hissəsinə çevrilmədən, müxtəlif güc mərkəzləri olan Rusiya, Avropa İttifaqı, ABŞ, Çin, İran və İsrail ilə əlaqələrdə balans və tarazlığı qoruyur. Bu yanaşma ölkənin yalnız iqtisadi deyil, diplomatik təsir gücünü də artırır. Azərbaycan öz xarici siyasətində geosiyasi proseslərə uyğun çevik korrektələr etsə də, əsas prioritetləri olan milli təhlükəsizlik, ərazi bütövlüyü, sülh və çoxtərəfli əməkdaşlığı dəyişməz saxlayır.
Ölkəmiz həmçinin “üçüncü ölkəyə qarşı platsdarm olmamaq” prinsipinə ciddi sadiqlik nümayiş etdirir. Xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə son telefon danışığında da bu mövqe açıq şəkildə ifadə olundu: “Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən dost İrana qarşı istifadə edilməsi mümkün deyil.” Bu prinsip Azərbaycanı həm İran, həm də İsrail ilə eyni vaxtda əlaqələrini qoruya bilən nadir dövlətlərdən birinə çevirir.
Azərbaycan yalnız passiv sabitlik qoruyucusu deyil, eyni zamanda regional və qlobal sabitlik təşəbbüsləri ilə də çıxış edir. Rusiya-Türkiyə arasında yaşanan təyyarə böhranı, Gürcüstanla Rusiya müharibəsi və ya İsrail-Türkiyə münasibətlərindəki gərginlik fonunda Bakı diplomatik mühitin yumşaldılmasına töhfə verməyə çalışıb. Hazırda Rusiya-Ukrayna və İsrail-İran hərbi qarşıdurmaları fonunda Azərbaycanın təmkinli və prinsipial davranışı beynəlxalq mərkəzlər tərəfindən müsbət dəyərləndirilir.
Azərbaycanın sabitlik aktoru rolunu gücləndirən əsas amillərdən biri də regional layihələrə rəhbərlik etməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və perspektivdəki Zəngəzur dəhlizi kimi layihələr vasitəsilə Azərbaycan regionun iqtisadi və enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.
Yaxın Şərqdə baş verən proseslərə münasibətdə də Bakı beynəlxalq hüquqa sadiq qalaraq, Fələstin xalqının müstəqil dövlət qurmaq haqqını tanıyır, eyni zamanda İsraillə də təhlükəsizlik, texnologiya, ticarət və kənd təsərrüfatı sahələrində əməkdaşlığı davam etdirir. Bu siyasət heç bir düşmənçilik ritorikasına əsaslanmır və hansısa güc mərkəzinin təzyiqinə boyun əymədən həyata keçirilir.
Azərbaycan həm İranla coğrafi və dini yaxınlıqlara, həm də İsraillə strateji əməkdaşlığa əsaslanan əlaqələri uğurla birgə idarə edir. Bu isə ölkəmizi Yaxın Şərqdə etibarlı, rasional və dialoq tərəfdarı olan tərəfdaş kimi mövqeləndirir. Bütün bunların fonunda Azərbaycan beynəlxalq hüquqa əsaslanan, qütbləşmiş dünya düzənində dialoq mədəniyyətini təşviq edən, müstəqil qərar verən və sabitlik təklif edən bir dövlət kimi tanınır.
Bir sözlə, Rəsmi Bakının yürütdüyü xarici siyasət yalnız diplomatik balans deyil, həm də strateji uzaqgörənliyin nümunəsidir. Tərəf tutmayan, amma prinsiplərindən güzəştə getməyən, regionda qarşıdurmaları alovlandırmayan, əksinə sakitləşdirən yanaşmalarla Azərbaycanın siyasi çəkisi təkcə bölgədə deyil, qlobal miqyasda da artmaqdadır.
MTM Analitik Qrupu