Açıq sərhədlər yox, açıq gözlər: Azərbaycanın böhrana qarşı düzgün addımı - MƏQALƏ

Getdikcə daha da şiddətlənən İsrail-İran müharibəsi qonşu ölkələr, regionlar üçün də müxtəlif aspektlərdən ciddi təhdidlər yaradır. Müharibə davam edərsə, bu təhdidlərin miqyasının daha genişlənməsi istisna edilmir. Burada daha bir təhlükəli məqam müxtəlif təhlükəli şəxslərin, hətta terrorçuların, digər elementlərin qonşu ölkələrin ərazilərinə soxula, idarəedilməz miqrant axının ola biləcəyidir. Elə bu fonda müharibə aparan ölkələrlə sərhədlərin bağlanması müşahidə olunur. Məsələn, Pakistan bu günlərdə İranla bütün sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayıb.
Hadisələrin inkişafı İrandan tezliklə böyük köç dalğalarının ola biləcəyi ehtimalının sürətlə artdığını göstərir. Məhz belə bir vaxtda ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı statusda bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb. Bunlara paralel olaraq, ABŞ Yaxın Şərqdə böyük ordu qruplaşması cəmləyir və bu ölkənin də İrana qarşı müahribədə iştirakı tamamilə gözləniləndir. Belə bir vaxtda İrandan kütləvi mühacir axını istisnalıq təşkil etmir. Amma onların sərhədi kortəbii şəkildə keçməsi daxil olduqları ölkələrdə xaotik durum yarada bilər. Buna hazır olmayan ölkələrin hansı problemlərlə üzləşdiyinə dair elə günümüzdə yetərincə misallara rast gəlmək mümkündür. Beləliklə, qeyd edilən məqam həm də birbaşa təhlükəsizlik faktoru ilə bağlıdır və bu kontekstdə hadisələrin inkişaf axarı Azərbaycanın quru sərhədlərini son 5 ildə nədən bağlı saxladığına dair addımlarının nə dərəcədə düzgün qərar olduğunu bir daha təsdiq edir. Ölkəmiz hadisələrin indiki məcrada inkişafının mümkünlüyü hələ xeyli öncədən proqnozlaşdıra bilib. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu xüsusda qeyd edib: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.
Dövlət başçısı bundan əvvəl ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Polşanın Şərq Tədqiqatları Mərkəzinin baş elmi işçisi Voijeç Goreçkinin sualını cavablandırarkən bir daha bu mövzuya toxunub: “Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik... Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”.
Qeyd edilməlidir ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə “xüsusi karantin rejimi” 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. COVID-19 pandemiyasının yaratdığı təhdidlər aradan qalxsa da, ölkə quru sərhədlərini açmayıb. Bunun əsas səbəbi məhz Azərbaycanın sərhədləri ətrafında baş verən münaqişələrdir, yaranan təhlükəli vəziyyətlərdir. Sərhədlərin bağlı qalması həmin münaqişələrdən, təhlükəli hallardan doğan təhdidlərin ölkəyə sıçramasının qarşısının alınmasında müstəsna rol oynayıb və oynamaqdadır. Elə İran-İsrail savaşı Azərbaycanın yanaşmasının nə qədər uzaqgörən xarakterə malik olduğunu bir daha təsdiqlədi. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə bir daha təsdiq edib ki, Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur: “Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.
Sərhədlərin bağlı olmasına baxmayaraq, ölkəmiz öz ərazisindən humanitar əsaslarla istifadəyə də hər cür şərait yaradır. Məsələn, İranda yaranmış məlum vəziyyətlə bağlı bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi son günlərdə intensiv xaraker alıb. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Portuqaliya, Filippin, Finlandiya, Rusiya Federasiyası və digər ölkələrdən olan xeyli sayda şəxs Astara dövlət sərhədindəki buraxılış məntəqəsindən ölkəmizə keçiblər. Müvafiq gömrük prosedurlarından sonra onlar avtobuslarla Heydər Əliyev Hava Limanına yola salınıblar. Bu proses davam edir. Bir sıra ölkələr öz vətəndaşlarını Azərbaycan vasitəsilə İranı tərk etməyə çağırırlar. Ölkəmiz həmişəki kimi humanizm prinsiplərini əsas tutataraq, bunun üçün bütün lazımi şərait yaradır.
Onu da xatırlatmaq lazım gəlir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin quru sərhədləri cari ilin iyulun 1-dək bağlı elan olunub. Lakin ətrafımızda baş verən hadisələr fonunda bu müddətin növbəti dəfə uzadılması gözləniləndir. Real mənzərə bir daha təsdiq edir ki, ölkənin quru sərhədlərinin bağlı qalması idarəolunan təhlükəsizlik siyasətindən irəli gəlir. Bu, təhlükəsizlik faktoru, kütləvi və idarəedilməz miqrant axının qarşısının alınması, ölkənin resursların düzgün və qənaətlə istifadə olunması, digər bu qəbildən olan faktorlar baxımından olduqca böyük önəm kəsb edir.
MTM Analitik Qrupu