Bu gün

Dəqiqliyin gücü, xaosun qisası: İsrail-İran qarşıdurması - TƏHLİL

İsrail və İran arasında uzun illərdir davam edən kölgə savaşı yeni mərhələyə qədəm qoyub. Artıq bu qarşıdurma açıq hərbi zərbələr və yüksək texnologiyalı cavablarla müşayiət olunur. İsrailin son günlərdə İran ərazisində həyata keçirdiyi dəqiq hava hücumları təkcə hərbi güc nümayişi deyil, həm də yüksək səviyyəli kəşfiyyat və texnologiya imkanlarının sintezidir.

Bu hücumlar təsadüfi və genişmiqyaslı hava reydlərindən deyil, əksinə, informasiya üstünlüyü və dəqiqlik prinsipi üzərində qurulmuş yeni nəsil müharibə doktrinasından qaynaqlanır. Zərbələr zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri, nüvə zənginləşdirmə obyektləri, mobil raket buraxılış sistemləri, yeraltı komanda məntəqələri və ballistik raket proqramına bağlı texniki infrastruktur hədəf alınıb.

İsrail bu əməliyyatlarda uzaqdan idarə olunan “Rampage” və “Delilah” tipli yüksək dəqiqlikli raketlərdən istifadə edib. “Rampage” raketi 250+ km mənzilə malik olmaqla, ağır qorunan hədəfləri vurmaq üçün nəzərdə tutulub. “Delilah” isə idarəolunan qanadlı raketdir və hədəf üzərində dövrə vuraraq, ən uyğun anı gözləyə bilir. Eyni zamanda, “Harop” tipli kamikadze dronlar vasitəsilə İranın hava hücumundan müdafiə sistemləri iflic vəziyyətə salınıb. Bu platformaların bir çoxu F-15I “Ra’am” və F-35I “Adir” tipli beşinci nəsil qırıcı təyyarələrlə buraxılıb – bu təyyarələr həm yüksək daşıma qabiliyyətinə, həm də radarlardan yayınma texnologiyasına malikdir.

Əməliyyatın uğuru ilk növbədə kəşfiyyat üstünlüyünün nəticəsidir. “Aman” hərbi kəşfiyyatı və “Mossad” tərəfindən toplanan yüksək dəqiqlikli məlumatlar siqnal kəşfiyyatı, peyk görüntüləri və yerli mənbələr İranın hərbi rabitəsini pozmağa, mobil qurğuların hərəkətini izləməyə və real vaxtda hədəfləri müəyyənləşdirməyə imkan verib.

İsrailin zərbələrinə cavab çox gözlənilmədi. İran öz növbəsində müxtəlif bölgələrdən, əsasən Xuzistan, Kirman və Məşhəddən onlarca raket və pilotsuz uçuş aparatı buraxdı. Bu cavabda həm köhnə tipli Şahab-3 ballistik raketləri (1300 km mənzil, maye yanacaq), həm də yeni nəsil bərk yanacaqla işləyən Xeybər, Fəttah-2 və Zülfiqar raketləri istifadə olundu. Xüsusilə Fəttah-2 hipersəsli raketi Mach 13 (təxminən 16.000 km/saat) sürətə və 1500 km mənzilə malikdir və mövcud hava hücumundan müdafiə sistemləri üçün ciddi problem yaradır.

Bərk yanacaq texnologiyasına əsaslanan bu raketlər qısa zamanda buraxıla bilir, sabit bazaya ehtiyac duymur və mobil platformalardan atıldığı üçün aşkarlanması son dərəcə çətindir. Bu isə İsrailin qabaqlayıcı zərbə imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

İranın cavabı texniki baxımdan dəqiqlikdən uzaq olsa da, yaratdığı psixoloji təzyiq və qeyri-müəyyənlik mühüm nəticələr doğurdu. İsrailin bir sıra şəhərlərində hava siqnalları səsləndi, əhali sığınacaqlara keçdi, məktəblər və ictimai nəqliyyat müvəqqəti dayandırıldı.

Bu qarşıdurma göstərir ki, iki dövlət fərqli metodlarla eyni məqsədə, strateji üstünlüyə can atır. İsrail dəqiqlik və informasiya üstünlüyü ilə komanda strukturlarını sıradan çıxarmağa çalışır. İran isə say üstünlüyü ilə cavab verir, daha çox qorxu və qeyri-müəyyənlik yaratmaq strategiyasına üstünlük verir. Bu artıq səngərlərdə deyil, dronlar, radarlar və peyklər üzərindən aparılan hibrid müharibədir.

Lakin təhlükəli olan budur ki, bu balans getdikcə dəyişir. İranın bərk yanacaq raketlərini geniş tətbiq etməsi, raket buraxılış sistemlərinin mobilləşdirilməsi və proksi qüvvələrin qarşıdurmaya cəlb edilməsi bölgəni daha qısa, lakin daha dağıdıcı qarşıdurmaların astanasına gətirə bilər.

Bu qarşıdurmanın reallığı budur: texnologiya, kəşfiyyat və sürət artıq müharibənin yeni silahlarıdır. Hərbi üstünlük artıq təkcə tonlarla bombada deyil, saniyələrlə ölçülən qərar anlarında gizlənir.

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?