Azərbaycan təyyarə alır, Ermənistan təşvişə düşür – Hindistan isə silah yollayır - TƏHLİL

Hindistan son illərdə beynəlxalq arenada fərqli tərəflərin qarşısında fərqli maskalar taxmaqla öz geosiyasi xəritəsini yenidən cızmağa çalışır. Amma məsələ burasındadır ki, bu cızma-cəhdlər bəzən onu tam əks istiqamətə aparır. Xüsusilə də Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələrlə münasibətlər kontekstində. Nyu-Dehli bu üç ölkənin təhlükəsizliyi və maraqlarına toxunan addımlarla sanki özünü Cənubi Qafqazın kənarında yox, onun münaqişə xəritəsinin mərkəzində tapmaq riski ilə üz-üzə qoyur.
Məsələn, Hindistanın Ermənistana qarşı göstərdiyi hərbi isti münasibətlər artıq sadəcə jest səviyyəsində deyil. Burada söhbət milyonlarla dollarlıq silah alış-verişindən gedir. “Jetlinemarvel.net” portalı yazır ki, Ermənistan indi Hindistandan Su-30MKI qırıcıları almaq istəyir. Bu, Azərbaycanın Pakistanla bağladığı 4,6 milyard dollarlıq JF-17 Thunder Block III müqaviləsinə “cavab” kimi dəyərləndirilir. Yəni İrəvan silah yarışına atılıb, Hindistan isə bu yarışda sponsora çevrilməkdədir.
Halbuki bu Su-30MKI-lərin elə də "super qəhrəman" olmadığı artıq məlumdur. Pakistanla qarşıdurmada Hindistan bu təyyarələrdən birini itirib. Hətta Fransa istehsalı olan, Hindistanın böyük ümidlər bəslədiyi Rafale qırıcıları da eyni taleyi yaşayıb. Üç ədəd Rafale Pakistan tərəfindən sıradan çıxarılıb. Belə görünür ki, Hindistan silah satışı ilə dost qazanmaq əvəzinə, düşmənlərinin sayını artırır.
Nyu-Dehlinin Ermənistanla silah alış-verişi təkcə Su-30MKI ilə məhdudlaşmır. İki ölkə artıq “Akash” HHM sistemindən tutmuş “Pinaka” raket sistemlərinə, “Swathi” radarlarından “MArG 1552” haubitsalarına qədər genişmiqyaslı texnika mübadiləsinə start verib. SIPRI məlumatına görə, son iki ildə Ermənistanın idxal etdiyi silahların 43%-i məhz Hindistandan gəlib. Ənənəvi olaraq Rusiyaya bağlı olan Ermənistan üçün bu, geosiyasi dönüş nöqtəsidir və bu dönüş onu Hindistanın təsir orbitinə salır.
Bu proses təkcə Azərbaycanı yox, Türkiyəni də narahat edir. Hindistanın son zamanlar Yunanıstanla hərbi əlaqələrini dərinləşdirməsi, “Akash” sistemlərinin ora da tədarük ediləcəyi barədə xəbərlər Ankarada təlaş yaradıb. Hindistanın Yunan Kipri, Ermənistan və Yunanıstanla birgə hərbi xətt qurması fonunda “BrahMos” raketlərinin bu ölkələrə də ötürüləcəyi istisna edilmir. Belə bir vəziyyətdə Hindistan "necə dost qazanmalı" sualının cavabını elə bil ki, "rəqibləri silahlandırmaqla" verir.
Prezident İlham Əliyev Hindistan səfirinin etimadnaməsini qəbul edərkən bu məsələni açıq şəkildə dilə gətirmişdi: “Əgər Ermənistan sülh istəyirsə, niyə yüz milyonlarla dollarlıq silah alır?” Bu sual hələ də cavabsız qalır. Amma cavabsız qalan hər sual Cənubi Qafqazda sülhə bir addım daha uzaq olmaq deməkdir.
Sonda isə belə görünür ki, Hindistanın yanlış tərəf seçimi öz əlinin altına barıt çəlləyi yığmaqla nəticələnir. Nə Ermənistan bu silahlarla bölgədə mövqe qazana, nə də Hindistan bu siyasətlə etimad toplaya bilər. Əksinə, regionda artan silahlanma fonunda gərginlik sülhə yox, yeni qarşıdurmalara yol aça bilər. Bu isə heç kimin maraqlarına uyğun deyil. Amma görünür, Hindistan hələ də “dost seçmək” dərsini oxumayıb.
MTM Analitik Qrupu