12 iyun

Zəngəzur dəhlizi: Sülh yolu, yoxsa siyasi qorxu? - TƏHLİL

Cənubi Qafqazda sabitliyin açarı sayılan Zəngəzur dəhlizi yenidən regionun geosiyasi gündəmində ön sıradadır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçirdiyi birgə taktiki təlimlər fonunda Ermənistan mediası və bəzi beynəlxalq dairələr “dəhliz güc yolu ilə açılır” ritorikasını yenidən dövriyyəyə buraxıblar. Halbuki bu iddialar nə faktiki əsaslara, nə də beynəlxalq hüquqa söykənir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı uzun illərə söykənən və illik planla həyata keçirilən, sabitliyi və təhlükəsizliyi möhkəmləndirən bir formatdır. Hər il keçirilən təlimlər yalnız iki ölkənin deyil, bütövlükdə regionun müdafiə qabiliyyətini gücləndirməyə yönəlib. Rəsmi Bakı dəfələrlə bildirib ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib və heç bir təxribat məqsədi daşımır.

Amma İrəvanda bu reallıq qəbul edilmir. Ermənistan rəhbərliyi bir tərəfdən silahlanmanı artırır, Qərb ölkələri ilə birgə təlimlər keçirir, digər tərəfdən isə Azərbaycan-Türkiyə təlimlərini “təhdid” kimi təqdim edir. Bu, açıq-aşkar ikili standart nümunəsidir. Öz ərazisində Avropa İttifaqının “mülki missiyası” adı altında hərbiləşdirilmiş kontingenti saxlayan bir ölkənin Azərbaycanı eskalasiyada ittiham etməsi qeyri-ciddidir.

Bu ritorikaya son günlər İranın da səsi qarışıb. İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalar diqqət çəkir. O, guya İranın müdaxiləsi ilə dəhlizin qarşısının alındığını və ABŞ-NATO planlarının pozulduğunu iddia edib. Ancaq bu fikirlər nə siyasi, nə hüquqi, nə də coğrafi reallığa uyğundur.

Əvvəla, Zəngəzur dəhlizinin İran ərazisinə heç bir aidiyyəti yoxdur. Dəhliz Ermənistanın cənubundan keçərək Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmək məqsədi daşıyır. Bu yol İranın nə tranzitinə, nə də suverenliyinə təhdid deyil. Əksinə, regionda əlaqəliliyin artması Tehranın özü üçün də yeni iqtisadi imkanlar aça bilər.

Bununla belə, İranın bu layihəyə qəti şəkildə qarşı çıxması Tehranın bölgədə Ermənistanın təcrid vəziyyətində qalmasında maraqlı olduğunu göstərir. İran faktiki olaraq sülh və əməkdaşlıq təşəbbüsünü bloklayan, Ermənistanın razılaşmalardan yayınmasına “yumşaq zəmanət” verən tərəfə çevrilib.

Zəngəzur dəhlizi hərbi deyil, sülh yolu ilə açılmalıdır. Bu, təkcə Azərbaycanın deyil, həm də Ermənistanın və bütün regionun maraqlarına xidmət edən bir nəqliyyat layihəsidir. Əgər bu dəhliz açılarsa, Ermənistan illərlə davam edən iqtisadi blokadadan çıxmaq, yeni ticarət bağlantıları əldə etmək və bölgədə inteqrasiya proseslərinə real şəkildə qoşulmaq imkanı qazanacaq.

Odur ki, bu layihəyə qarşı çıxmaq nə rasionaldır, nə də səmərəlidir. Əslində, bu gün Zəngəzur dəhlizinin reallaşmasına süni maneələr yaradanlar, bölgədə sülhə deyil, qarşıdurmaya sərmayə yatırmış olurlar. Bu isə nə Ermənistana, nə də İrana fayda verir.

Azərbaycanın mövqeyi sabit və prinsipal olaraq qalır. Zəngəzur dəhlizi regionun gələcəyidir. Onun açılması qarşıdurma deyil, sülh, əməkdaşlıq və inkişaf üçün bir fürsətdir.

MTM Analitik Qrupu 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?