11 iyun

Erməni hərbi cinayətkarlarının məhkəmələri: Nürnberqlə parallelliklər - TƏHLİL

Azərbaycan, İkinci Qarabağ Müharibəsi və ondan əvvəlki dövrdə törədilmiş hərbi cinayətlərdə ittiham olunan erməni hərbi qulluqçularının məhkəmələrini keçirməyə davam edir. Bu məhkəmələr beynəlxalq hüquq normaları çərçivəsində, şəffaf şəkildə həyata keçirilir və Azərbaycanda ədalət mühakiməsinin təmin edilməsində mühüm rol oynayır. Açıq mənbələrdə və internet resurslarında Birinci və İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Bu materiallar, müharibə dövründə baş vermiş dəhşətli hadisələri, hərbi cinayətləri və mülki əhaliyə qarşı yönəlmiş zorakılıqları sənədləşdirir. Bu sübutlar beynəlxalq ictimaiyyətə müharibənin əsl üzünü göstərmək və törədilən cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsini təmin etmək baxımından əhəmiyyətli rol oynayır.

Məhkəmə proseslərinin hüquqi əsasları

Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri - terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, sülh və insanlıq əleyhinə digər cinayətlər, qətl, girov götürmə, qanunsuz silahlı birləşmələrdə iştirak və digər hərbi cinayətləri əhatə edən maddələr əsasında cinayət işləri ilə bağlı məhkəmə prosesləri davam edir. Məhkəmə prosesləri beynəlxalq konvensiyaların, xüsusilə Cenevrə Konvensiyalarının prinsiplərinə uyğun olaraq aparılır. Təqsirləndirilən şəxslərə hüquqi yardım göstərilir, tərcüməçi xidmətləri ilə təmin edilir və onların müdafiə hüquqları tam şəkildə təmin olunur.

İttiham olunanların əsas cinayətləri

Mülki əhaliyə qarşı cinayətlər: Vətən Müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket hücumları nəticəsində mülki şəxslərin ölümü və yaralanması.

Əsirlərə və girovlara qarşı qeyri-insani rəftar: Beynəlxalq hüququn tələblərinə zidd olaraq, əsirlərə işgəncə verilməsi, onların hüquqlarının pozulması.

Terrorçuluq fəaliyyəti: Azərbaycan ərazisində terror aktlarının törədilməsi və ya terrorçu qruplarda iştirak.

Azərbaycan ərazilərinin işğalı zamanı törədilmiş cinayətlər: Tarixi və mədəni abidələrin dağıdılması, təbii sərvətlərin talanması, yaşayış məntəqələrinin viran qoyulması.

Minaların basdırılması: Azərbaycan ərazilərində genişmiqyaslı mina basdırma əməliyyatları, nəticədə mülki şəxslərin və hərbi qulluqçuların həlak olması və yaralanması.

Məhkəmələrin əhəmiyyəti

Ədalət mühakiməsinin təminatı: Hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməklə qurbanların ədalətə çatmasını təmin etmək.

Cəzasızlıq sindromunun qarşısının alınması: Beynəlxalq hüquqa görə, hərbi cinayətlər cavabsız qalmamalıdır. Bu məhkəmələr cəzasızlığın qəbuledilməz olduğuna dair aydın bir mesajdır.

Beynəlxalq hüquqa riayət: Azərbaycanın beynəlxalq hüquq normalarına, xüsusilə hərbi cinayətlər üzrə məhkəmə prinsiplərinə sadiqliyini nümayiş etdirmək.

Gələcəkdə oxşar cinayətlərin qarşısının alınması: Məsuliyyətin labüdlüyünü göstərməklə gələcəkdə oxşar cinayətlərin törədilməsinə mane olmaq.

Beynəlxalq reaksiya və şəffaflıq

Azərbaycan bu məhkəmə proseslərinin şəffaflığını təmin etmək üçün beynəlxalq müşahidəçiləri və diplomatik korpusun nümayəndələrini dəvət edir. Məhkəmələrdə şahid ifadələri dinlənilir, sübutlar təqdim edilir və prosesin gedişi media tərəfindən işıqlandırılır. Buna baxmayaraq, Ermənistan tərəfi bu məhkəmə proseslərini siyasiləşdirməyə çalışır və onları "qanunsuz" adlandırır. Azərbaycan isə beynəlxalq hüquqa uyğun şəkildə fəaliyyət göstərdiyini və hər bir cinayətkarın əməlinə görə məsuliyyət daşıyacağını vurğulayır.

Hərbi cinayətkarların Azərbaycanda məhkəməyə çıxarılması regionda davamlı sülhün və ədalətin bərqərar olması istiqamətində atılan mühüm addımlardan biridir. Bu proseslər, törədilmiş cinayətlərə görə cavabdehliyin qaçılmaz olduğunu və beynəlxalq hüququn aliliyinin təmin edilməli olduğunu bir daha göstərir.

Erməni hərbi cinayətkarlarının Azərbaycanda keçirilən məhkəmələri və Nürnberq prosesi ilə parallelliklər

Bu məhkəmə prosesləri tez-tez İkinci Dünya Müharibəsindən sonra nasist liderlərin mühakimə olunduğu Nürnberq Prosesi ilə müqayisə edilir. Bu iki məhkəmə arasında həm oxşarlıqlar mövcuddur.

Nürnberq Prosesi 1945-1946-cı illərdə Beynəlxalq Hərbi Tribunal tərəfindən faşist Almaniyasının ali dövlət və hərbi xadimləri üzərində keçirilmişdir. Bu proses, tarixdə ilk dəfə olaraq təcavüzkar müharibənin planlaşdırılması və aparılması, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər kimi beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət prinsipini tətbiq etdi. Nürnberq Prosesinin əsas məqsədi cəzasızlığın qarşısını almaq, beynəlxalq hüququn aliliyini təmin etmək və gələcəkdə oxşar cinayətlərin qarşısını almaq üçün presedent yaratmaq idi. Bu proses nəticəsində "Nürnberq prinsipləri" kimi tanınan beynəlxalq cinayət hüququnun əsas normaları formalaşmışdır.

Azərbaycandakı məhkəmələri Nürnberq Prosesi ilə əlaqələndirən əsas oxşarlıqlar aşağıdakılardır:

Hərbi cinayətlərə görə məsuliyyət: Hər iki prosesdə əsas diqqət müharibə zamanı törədilmiş ağır cinayətlərə, o cümlədən mülki şəxslərə qarşı cinayətlərə, əsirlərə qeyri-insani rəftara və beynəlxalq humanitar hüququn pozulmasına yönəlib. Hər iki halda, cinayətlərin miqyası və dəhşəti ədalət mühakiməsinin zəruriliyini vurğulayır.

Cəzasızlıq prinsipinin rədd edilməsi: Nürnberq Prosesi "cinayətkar cəzasız qalmamalıdır" prinsipini təsbit etdi. Azərbaycan da eyni prinsiplə çıxış edərək, hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayır.

Beynəlxalq hüquq normalarına istinad: Hər iki məhkəmə beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyalarına və hərbi cinayətləri tənzimləyən digər beynəlxalq sənədlərə əsaslanır. Bu, proseslərin legitimliyini və beynəlxalq standartlara uyğunluğunu təmin edir.

Hüquqi presedent yaratmaq: Azərbaycanın keçirdiyi bu məhkəmələr, regionda gələcəkdə baş verə biləcək hərbi münaqişələrin qarşısını almaq, beynəlxalq hüquqa riayət etməyin zəruriliyini vurğulamaq və cəzasızlığa yol verilməyəcəyinə dair aydın bir mesaj göndərmək baxımından Nürnberq Prosesinə bənzər bir presedent rolunu oynaya bilər.

Bəşəriyyətə qarşı cinayətlər: Nürnberq Prosesində nasist rejimi tərəfindən törədilən bəşəriyyətə qarşı cinayətlər, xüsusilə soyqırım aktları mühakimə olundu. Azərbaycanda da erməni hərbi cinayətkarların məhkəmələrində Xocalı Soyqırımı və digər kütləvi qətliamlar kimi bəşəriyyətə qarşı cinayətlər işıqlandırılır və bu cinayətlərdə iştirak edən şəxslər məsuliyyətə cəlb olunur.

Prezident İlham Əliyevin “müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıblar” ifadəsi bir daha Ermənistanın sülh istədikləri haqqında yalançı ifadələrini ifşa edir və regionda sülhün bərqərar olmasının tərəfdarı olmadığını sübut edir, lakin Azərbaycan tərəfindən bəzi erməni cinayətkarların ələ keçirilməsi və onlar üzərində məhkəmələrin keçirilməsi beynəlxalq hüququn tətbiqi və hərbi cinayətlərə görə məsuliyyətin labüdlüyünü vurğulamaq baxımından vacib addımdır. Onlar regionda sülhün və sabitliyin təmin olunması, eləcə də beynəlxalq humanitar hüquqa hörmətin bərqərar edilməsi üçün mühüm bir siqnaldır. Azərbaycan bu məhkəmələr vasitəsilə həm beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də öz vətəndaşlarına qarşı törədilən cinayətlərə görə ədalətin bərqərar olmasının vacibliyini vurğulayır.

Azadxan Axundov

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?