Neftin kölgəsində iqtisadi dayanıqlıq: Azərbaycanın yeni yol xəritəsi - TƏHLİL

Dünya neft bazarı növbəti dəfə qeyri-müəyyənliyin girdabına düşüb. ABŞ və Çin arasında davam edən ticarət qarşıdurması, OPEC+ ölkələrinin hasilatı artırmaqla bağlı atdığı addımlar, Səudiyyə Ərəbistanının aqressiv bazar planlar “qara qızıl”ın qiymətində sərt tərəddüdlər yaradır. Amma bu dəfə fərqli olan odur ki, qiymət müharibəsi daha uzunmüddətli və məqsədli şəkildə aparılır.
ABŞ və Çin rəsmiləri arasında Londonda əldə olunan çərçivə razılaşması bir qədər nikbinlik yaratsa da, neft bazarı artıq belə cüzi ümidlərə çox da reaksiya vermir. Çünki bu iki nəhəng iqtisadiyyat arasında illərdir davam edən qarşılıqlı ittihamlar və pozulan razılaşmalar bazarda ciddi etimadsızlıq yaradıb. Belə bir mühitdə qiymətlərin stabil qalması üçün siyasi razılaşmalardan daha çox struktur dəyişikliklərinə ehtiyac var.
Ən ciddi risklərdən biri isə Səudiyyə Ərəbistanının yeni strategiyasıdır. Rəsmi Ər-Riyad artıq açıq şəkildə bazarda dominantlıq uğrunda mübarizəyə girişib. İstər ABŞ şist nefti istehsalçıları, istərsə də digər OPEC+ üzvləri – hamı Səudiyyənin “yavaş-yavaş sıxışdırma” siyasətinin hədəfindədir. “Bank of America” analitiklərinin sözlərinə görə, bu qiymət müharibəsi nə şok effekti yaradacaq, nə də tez başa çatacaq – məqsəd mərhələli şəkildə bazarı ələ keçirmək və rəqibləri bir-bir sıradan çıxarmaqdır.
Bu fonda OPEC+ daxilində baş verənlər də diqqətçəkicidir. Hasilatın azaldılması ilə bağlı əvvəlki sazişlərə rəğmən, bir sıra üzvlər xüsusilə Səudiyyə Ərəbistanı hasilatı artırmaq niyyətindədir. İyulda əlavə 411 min barel neftin bazara çıxarılması gözlənilir. Bu, bazarda təklifi artıracaq və qiymətləri daha da aşağı çəkə bilər. Əgər qiymətlər kəskin düşərsə, zəif və asılı iqtisadiyyatlar tab gətirə bilməyəcək və nəticədə “oyundan çıxarılacaqlar”. Daha sonra isə dominant oyunçular yəni hasilatı ucuz başa gətirən ölkələr öz şərtlərini diqtə etməyə başlayacaq. Bu, tipik “dempinq və sonra diktə” ssenarisidir.
Amma bu mənzərədə Azərbaycanın durumu diqqətəlayiqdir. Neft hasil edən ölkə olaraq Azərbaycan qlobal bazardakı bu qarşıdurmaları diqqətlə izləyir, amma iqtisadiyyatını getdikcə daha çox bu risklərdən ayırmağa çalışır. Ölkə OPEC+ daxilində üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, gələcəyi yalnız neftin üzərinə qurmaq niyyətində deyil. Azərbaycan dövlət büdcəsi bir barel üçün 70 dollar qiymət üzərindən hesablanıb və bu, kifayət qədər ehtiyatlı yanaşmadır. İndiki mərhələdə “Azeri Light” markalı neftin qiyməti bu göstəricidən yuxarıdır, amma bu uzunmüddətli sabitlik demək deyil.
Əsas diqqət artıq qeyri-neft sektorunun inkişafına yönəlib. Son statistikalar göstərir ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi məhz bu sektordur. İxrac, xidmət sahələri, yüngül sənaye, kənd təsərrüfatı, turizm və digər bütün istiqamətlər üzrə artım var. Bu isə onu göstərir ki, Azərbaycan artıq neftdən gələn pulun təsadüfi bolluğuna yox, dayanıqlı iqtisadi struktura arxalanır.
Vergi daxilolmaları da bunu sübut edir. Qeyri-neft sektorundan gələn vergilərin ümumi daxilolmalardakı payı 73 faizə çatıb. Bu, ölkənin fiskal siyasətində neftdən uzaqlaşmağın real nəticələrindən biridir. Belə bir şəraitdə Dünya Bankının və Azərbaycanın İqtisadiyyat Nazirliyinin orta və uzunmüddətli proqnozları da ümidvericidir. Hər iki mənbə ölkə iqtisadiyyatında artımın davam edəcəyini bildirir.
Sonda bir məqamı xüsusilə qeyd etmək lazımdır: Azərbaycan neftin qiymətindəki dalğalanmalara reaksiya verən ölkə yox, artıq bu dalğalanmalara qarşı müqavimət göstərən iqtisadi model qurmağa çalışan ölkədir. Neft qiyməti ilə bağlı yaranan hər yeni ssenari Azərbaycanın iqtisadi kursunun nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.
MTM Analitik Qrupu