Ermənistan seçkiyə hazırdır, bəs sülhə? - ŞƏRH

Gələn il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Lakin Ermənistan hakimiyyətinin rəsmi Bakının sülh quruculuğu yolunda əsas tələblərindən biri olan konstitusiya dəyişikliyini ona qədər, yaxud da həmin tarixdən sonra həyata keçirəcəyi hələ ki, sual altındadır.
Əslində məsələ seçkidə yox, konstitusiyadadır. Ermənistanın hazırkı konstitusiyasında hələ də “Dağlıq Qarabağ”la bağlı müddəalar var. Hətta bu sənədin əsas dayaqlarından biri kimi 1990-cı ildə qəbul edilmiş "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" çağırışı göstərilir. İndi təsəvvür edin: Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə hələ də Qarabağı özününkü sayır. Bu necə olur?
Azərbaycan tərəfi açıq şəkildə deyir. Əgər konstitusiya dəyişməyibsə, sülh sazişi də imzalanmamalıdır. Çünki sabah Ermənistan bu sənədə imza atıb, sonra konstitusiyadakı maddələri əsas gətirib geri addım ata bilər. Yəni sülh sənədi şübhə altına düşə bilər.
Ermənistan hökuməti artıq bir işçi qrup yaradıb, konstitusiya dəyişikliyini müzakirə edir. Amma görünən odur ki, onlar bu prosesi seçkilərdən sonraya saxlayacaqlar. Niyə? Çünki konstitusiyadakı Qarabağla bağlı ifadələri silmək Paşinyan hökuməti üçün siyasi risk yaradır. Ölkə içindəki radikal qruplar dərhal onu xain elan edə bilərlər. Bu da seçki öncəsi heç bir hakimiyyətin istəməyəcəyi ssenaridir.
Digər tərəfdən, bu dəyişikliyi ertələməklə İrəvan sülh prosesini də uzadır. Bəlkə də məqsəd elə vaxt qazanmaq, diplomatik masada əlavə güzəştlər almaq və daxildə vəziyyəti nəzarətdə saxlamaqdır. Bütün bunlar isə Bakının gözləntiləri ilə ziddiyyət təşkil edir.
Azərbaycan sülh müqaviləsini təkcə silahların susması kimi görmür. Bu sənəd həm də hüquqi zəmanət, sabitliyin təminatı olmalıdır. Ermənistanın mövcud konstitusiyası isə bu zəmanətləri kökündən şübhə altına alır.
Belə olan halda, Ermənistan doğrudan da sülh istəyirsə, niyə bunu konstitusiyada əks etdirmir? Bəlkə də hələ istəmir və ya tam hazır deyil.
MTM Analitik Qrupu