Ermənistan inflyasiyaya təslim olur - ŞƏRH

Son illər Ermənistan dünyanın ən bahalı ölkələrindən birinə çevrilib. Statistik rəqəmlər də göstərir ki, ölkə əhalisinin böyük əksəriyyəti əvvəlkinə nisbətən daha pis yaşayır. Gəlirlər və maaş artımı ilə qiymət artımı arasındakı qeyri-mütənasiblik ölkədə yoxsulluğu artırır. Eyni zamanda qiymətlərlə yanaşı, vətəndaşların vergi yükü də artırılıb.
Sadə bir müqayisə aparsaq, Ermənistanda son 6 ildə minimum istehlak səbəti ilə minimum pensiya arasında fərq azalmaq əvəzinə daha da artıb. Məsələn, 2019-cu ildə Ermənistanda minimum istehlak səbəti 61,1 min dram, minimum pensiya isə 25,5 min dram olub. Fərq 35,6 min dram təşkil edib. Bu gün isə minimum pensiya 36 min dram, minimum istehlak səbəti isə 75,8 min dramdır. Bugünkü fərq 6 il əvvəlkindən 4,2 min dram çoxdur. Yəni, illər ərzində bu iki göstərici arasında fərq azalmır, əksinə daha da dərinləşir.
Hökumət nümayəndələri açıqlama verirlər ki, Ermənistanda inflyasiya yoxdur və ya çox aşağıdır. Amma rəqəmlər göstərir ki, son illərdə bir sıra ilkin tələbat malları rekord sürətlə bahalaşıb və bu, davam edir. Xüsusilə ərzaq, spirtli və alkoqolsuz içkilər, siqaret, meyvə-tərəvəz bahalaşıb. Bunlar vətəndaşların istehlak səbətinə daxil olan əsas məhsullardır. Məhz bu məhsulların qiyməti sürətlə artır. Bəzən onların inflyasiyasını ikirəqəmli hesab etmək belə çətindir. Son açıqlanan məlumatlara görə, ötən ilin aprel ayı ilə müqayisədə bu il tərəvəz məhsullarının inflyasiyası 18 faizə çatıb, balıq və balıq məhsulları 20 faizdən çox, yağlar 13 faizə yaxın, qəhvə, çay və kakao 16 faizə yaxın bahalaşıb. Cari ilin aprel ayında gəliri artmayan vətəndaş kartofa keçən ilkindən 47 faiz, kələmə 14 faiz, yaşıl lobyaya 21 faiz, badımcana 19 faiz, xiyar üçün 17 faiz daha artıq pul ödəməli olub. Eyni şey meyvələrə də aiddir. Bu il vətəndaşlar çiyələk üçün keçən illə müqayisədə az qala 24 faiz, limon üçün 22-23 faiz, portağal üçün 29 faiz, alma üçün 16 faiz çox pul ödəməlidir. Hakimiyyət lazım olanda büdcə gəlirlərinin milyardlarla artırılmasından danışır, amma sadə vətəndaşların gəlirlərinin artırılması onun vecinə deyil. Sadə vətəndaşın gəliri artmasa da, vergilər qaldırılır, nəticədə həyat bahalaşır.
Ermənistanda aprel məlumatları açıq şəkildə göstərir ki, ölkə yeni inflyasiya mərhələsinə qədəm qoyub və bunun nəticələri cəmiyyətin geniş təbəqələri üçün dərinləşir. Qeyd edək ki, inflyasiya ilk baxışda göründüyündən qat-qat təhlükəli hadisədir. Bu, daxili bazarın dinamikasını pozmaq, mühacirət dalğalarını stimullaşdırmaq, səhiyyə və təhsilə çıxış imkanlarını azaltmaq riski daşıyan sosial bərabərsizliyin dərinləşməsi faktorudur.
Ərzaq inflyasiyasının bu dalğasının ölkədə iqtisadi inkişafın səngidiyi bir vaxtda baş verməsi də təsadüfi deyil. Bu ilin yanvar-aprel aylarında Ermənistanın iqtisadi fəallığının artımı aşağı səviyyədə qalmaqda davam edir və təxminən 4,4% təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə qeyri-dinamikdir və inflyasiya və sosial problemlərin həlli tələblərinə cavab vermir. İqtisadi göstəricilər zaman keçdikcə müəyyən artımlar qeyd etsə də, bu artım sosial həyata yetərincə təsir etmir. Üstəlik, qiymət artımları çox vaxt iqtisadi artım göstəricilərini bir neçə dəfə üstələyir. Bu səbəbdən də iqtisadi artım sadəcə rəqəmlərə çevrilir, çünki insanlar bunun əvəzinə yalnız inflyasiya hiss edirlər. Xarici ticarətin passivləşməsi ixrac-idxal nisbətinə də təsir edərək iqtisadiyyatın “nəfəs almasını” məhdudlaşdırır. Ermənistan xarici bazarlardan, xüsusən də Rusiya Federasiyasından çox asılıdır və beynəlxalq bazardakı şoklar dərhal daxili inflyasiya məntiqində öz əksini tapır. Rusiya rublunun qeyri-sabitliyi, logistik problemlər, həmçinin beynəlxalq inflyasiya təzyiqləri xüsusən də ərzaq və enerji bazarlarında Ermənistanın daxili inflyasiya dalğalarında özünü göstərir. Ancaq bu vəziyyətin tək səbəbi xarici amillər deyil. Ermənistan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial siyasətdə xüsusən də inflyasiya ilə mübarizənin effektiv mexanizmlərinin olmaması baxımından ciddi boşluqlar var. Hökumət hələ də bazarda tənzimləyici addımlar ata bilmir ki, inflyasiya azalmağa başlasın.
Bütün bunların fonunda Ermənistanın əmək bazarında mövcud vəziyyəti əks etdirən məlumatlar narahatlıq doğurur. Bu tendensiyalar ötən ildən davam edir. Dünya Bankının məlumatına görə, 2023-cü ildə işsizlik səviyyəsi 12,4 faiz idisə, 2024-cü ildə bu göstərici 13,9 faizə çatıb. Bu, təkcə əmək bazarı tələbinin zəiflədiyini deyil, həm də iqtisadi artımın yeni iş yerlərinin yaradılması və ya mövcud olanların saxlanılması üçün kifayət etmədiyini göstərir.
Görünən odur ki, Nikol Paşinyan və komandasının yarıtmaz fəaliyyəti Ermənistanı uçuruma aparmaqda davam edir.
Hikmət Həsənov