05 iyun

ABŞ-İran danışıqları təhlükədə: Ayətullah Trampa “sən kimsən...” deyir - ŞƏRH

Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında illərdir davam edən nüvə danışıqları yenidən çıxılmaz mərhələyə qədəm qoyub. 2015-ci ildə imzalanmış “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) Donald Tramp administrasiyasının birtərəfli qərarı ilə 2018-ci ildə ləğv olunduqdan sonra münasibətlərdə gərginlik daha da dərinləşmişdi. Donald Trampın ikinci dəfə Amerika prezidenti seçilməsindən dərhal sonra başlayan danışıqlar hələ ki, davam edir. Amma qarşılıqlı ittihamlar danışıqların hər an pozulması təhlükəsini yaradıb, tərəflərin ritorikası müzakirələrin effektivliyini artıq şübhə altına salır.

ABŞ-ın danışıqlarda irəli sürdüyü şərtlər uranın zənginləşdirilməsinin ciddi şəkildə məhdudlaşdırılması, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarət mexanizmlərinin sərtləşdirilməsi İran hakimiyyətinin, xüsusilə də teokratik quruluşun ali təmsilçisi Ayətullah Əli Xameneinin ciddi etirazına səbəb olub. Danışıqların sonuncu raundundan sonra Xameneinin Trampın ünvanına “Sən kimsən ki, İrana deyirsən nüvə proqramı olsun, ya olmasın?” deməsi əslində İranın yalnız nüvə silahı deyil, ümumilikdə siyasi suverenlik məsələsində də geri çəkilmək istəmədiyini göstərir. Çünki bu cümlə sadəcə siyasi ritorika deyil, İranın danışıqlardakı psixoloji mövqeyinin təməlini təşkil edir. Yəni belə çıxır ki, İran suverenliyinə təhdid hesab etdiyi heç bir razılaşmaya imza atmayacaq.

Əli Xameneinin bu kimi çıxışları və qırmızı xətləri danışıqların mahiyyətini formal məcraya salır. Çünki İranın siyasi sistemində son sözü ali dini lider deyir və prezidentin rolu, xüsusilə xarici siyasətdə daha çox tətbiqedici xarakter daşıyır. Bu vəziyyətdə nüvə proqramı ilə bağlı istənilən güzəştin yalnız taktiki səbəblərlə və ya məhdud zaman üçün qəbul ediləcəyi aydındır. İranın əsas strategiyası “davamlı müqavimət və çevik taktika”dır. Yəni güzəşt yalnız vaxt qazanmaq və daxili-iqtisadi vəziyyəti stabilləşdirmək məqsədilə edilə bilər.

Yeni seçilmiş İran prezidenti Məsud Pezeşkian Qərbə qarşı daha açıq, əməkdaşlığa meyilli ritorikası ilə tanınır. O, nüvə danışıqlarını canlandırmaq və ölkəni beynəlxalq təcriddən çıxarmaq istədiyini bildirsə də, İranın siyasi reallıqları daxilində onun manevr imkanları son dərəcə məhduddur. Lakin bu vəziyyətdə Pezeşkianın ali dini liderin təlimatlarını gözardı edəcəyi, öz siyasi mövqeyini risq altına atacağı da ağlabatan deyil. Bu baxımdan, Pezeşkian rejimin yumuşaq üzü kimi çıxış etsə də, mahiyyətcə ali dini liderin siyasi iradəsini həyata keçirməkdən başqa seçimi yoxdur. Ona görə də ABŞ administrasiyası İranla danışıqlarda real nəticə əldə etmək istəyirsə, yalnız texniki şərtlərlə deyil, siyasi və ideoloji qırmızı xətlərlə də hesablaşmalı, ya da birtərəfli qaydada İranla düşmənçiliyi davam etdirməlidir.

İndi İran iqtisadi çöküşlə ideoloji müqavimət arasında balans axtarır. Pezeşkian bu balansı saxlamaq üçün Qərblə münasibətləri yenidən qurmaq istəsələr də, onların iradəsi ali rəhbərliyin sərhədləri ilə məhdudlaşır. Bu baxımdan ABŞ-İran danışıqlarının gələcəkdə müsbət nəticə verməsi üçün tərəflərin yalnız texniki deyil, psixoloji və ideoloji səviyyədə də yaxınlaşması zəruridir. Əks halda, tərəflər formal müzakirələr aparacaq, amma real razılaşmalar əldə olunmayacaq.

MTM Analitik Qrupu

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.