19 noyabr

Azərbaycanın kiberməkanında 134 minlik təhlükə

Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, eləcə də 300-dən çox veb-saytın görünüşünün dəyişdirilməsi (web defacement) və DDoS hücumu aşkarlanıb.

Təhlil.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) bildirib.

Onun sözlərinə görə, 10 APT qrupunun fəaliyyəti də ətraflı araşdırılıb. Ölkə üzrə kibertəhdidlər barədə məlumat mübadiləsi platformasına 60 qurum qoşulub və burada 28 mindən çox təhdid indikatoru paylaşılıb.

Nazir müavini qeyd edib ki, əsas məqsəd yalnız kibertəhdidləri aşkarlamaq deyil, həm də onların qarşısını əvvəlcədən almaq və dövlət xidmətlərinə mümkün təsirlərini minimuma endirməkdir.

O, kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafının, peşəkar kadr hazırlığının və cəmiyyətin rəqəmsal savadlılığının artırılmasının da vacibliyini vurğulayıb.