Laçın Zirvəsi – üç xalq, bir taleyin görüşü - ŞƏRH

Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında baş tutan üçtərəfli görüşü bir daha göstərdi ki, bu format artıq diplomatik jestləri aşaraq real və strateji əməkdaşlıq modelinə çevrilib. Laçın şəhərinin seçilməsi təsadüfi deyildi. Bu, təkcə simvolik yox, həm də geosiyasi baxımdan güclü mesaj idi. İkinci dəfə baş tutan bu görüş postmünaqişə dövrünün yeni təhlükəsizlik çərçivələrini formalaşdırmaq niyyətində olan üç müttəfiqin birgə iradəsini nümayiş etdirdi.
Prezident İlham Əliyevin görüş zamanı vurğuladığı kimi, müdafiə sahəsində əməkdaşlıq bu üç ölkə arasında tərəfdaşlığın əsas sütunlarından biridir. Son illər ərzində keçirilən “Üç qardaş” adlı hərbi təlimlər bu tərəfdaşlığın konkret sahəyə necə transformasiya olunduğunu göstərir. Təlimlərin taktiki fokusları, şəhər döyüşləri, antiterror əməliyyatları, PUA əməliyyatları və tibbi-logistika dəstəyi müasir döyüşlərin tələblərinə cavab verir və tərəflərin bir-birinin hərbi sistemlərinə uyğunlaşmasını asanlaşdırır.
Azərbaycanın hərbi modernizasiya istiqamətində atdığı addımlar da bu əməkdaşlıqdan kənarda deyil. Türkiyədən alınan Bayraktar və Akinci PUA-ları, Fırtına haubitsaları və Hisar hava müdafiə sistemləri Azərbaycanın döyüş qabiliyyətinə ciddi üstünlüklər qazandırıb. Bu texnologiyalar artıq yalnız idxal deyil, yerli istehsal səviyyəsinə də keçib. Pakistanla isə ortaq PUA istehsalı və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq planları, bu əlaqələrin daha yüksək və texnoloji səviyyəyə çatdığını göstərir.
Laçın görüşü həm də ideoloji və tarixi birliyin strateji forma qazanması deməkdir. Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub, 2020-ci il müharibəsində göstərdikləri birmənalı dəstək münasibətləri daha da dərinləşdirib. Bu üçlük artıq “qardaşlıq” terminini diplomatik leksikondan çıxarıb, onu konkret əməkdaşlıq formatına çevirməkdədir.
Tərəflər indi ortaq hərbi akademiyaların yaradılması, kiberməkanda təhlükəsizlik mərkəzlərinin qurulması, müdafiə sənayesi forumlarının keçirilməsi kimi təşəbbüslərlə çıxış edirlər. Bu təşəbbüslər isə təkcə regional deyil, qlobal təhlükəsizlik arxitekturasında da yeni bir konturun formalaşdığını göstərir. NATO-nun Cənub cinahına yaxın bu üç dövlətin ortaq müdafiə yanaşması həm Rusiya, həm Çin, həm də Qərb üçün nəzərəçarpacaq yeni faktor kimi ortaya çıxır.
Laçın görüşü göstərdi ki, Cənubi Qafqaz artıq təkqütblü maraqların deyil, çoxqütblü və balanslı əməkdaşlıqların meydanıdır. Azərbaycanın azad edilmiş əraziləri isə bu əməkdaşlığın fiziki məkanı və simvolik başlanğıc nöqtəsinə çevrilir. Beləliklə, üç qardaşın birgə strateji iradəsi regionda sülhü yalnız silah gücü ilə deyil, planlı əməkdaşlıqla təmin etmək niyyətindədir.
Bu üçtərəfli formatın inkişafı təkcə Qafqazın deyil, Orta Asiyanın, Yaxın Şərqin və Cənubi Asiyanın da təhlükəsizlik və iqtisadi koordinasiyasına yeni nəfəs verə bilər. Azərbaycanın təşəbbüskar rolu isə onu regionun sabitlik daşıyıcısı və strateji mərkəzinə çevirir. Bu artıq ritorika deyil, açıq şəkildə formalaşmaqda olan yeni geosiyasi reallıqdır.
MTM Analitik Qrupu