Əli Nağıyev: 913 itkin şəxsin qalıqları aşkarlanıb

2026-cı ilin 1 oktyabrınadək 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanaraq götürülüb.
Təhlil.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
O bildirib ki, İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud pozuntularıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir:
"Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilmişdir. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilmişdir. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır".
Əli Nağıyev həmçinin heç bir itkinin unudulmadığı ilə bağlı onların ailələrini əmin edib:
"Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün bütün imkanlarını səfərbər etməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə davam edəcək".