Kamran Əliyev: "Xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərlə bağlı iş davam etdirilir"

Azərbaycana qarşı ağır cinayətlər törətməkdə ittiham edilən və hazırda xaricdə olan şəxslərin gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Bu istiqamətdə digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq aparılır.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev müsahibəsində deyib.
Baş prokuror bildirib ki, həmin kateqoriyadan olan şəxslərin bir qismi artıq məsuliyyətə cəlb olunub. Onun sözlərinə görə, torpaqların azad edilməsindən sonra yaranmış şərait bu şəxslərlə bağlı məhkəmə proseslərinin keçirilməsinə imkan yaradıb.
Kamran Əliyev qeyd edib ki, Qarabağ münaqişəsi başlayandan etibarən prokurorluq əməkdaşları cinayətlərlə bağlı sübutlar toplayıblar. Lakin həmin sübutlardan istifadə etmək üçün uzun müddət münbit şərait olmayıb. Hərbi əməliyyatlardan sonra isə toplanmış sübutlardan istifadə etmək və şəxsləri məsuliyyətə cəlb etmək imkanı yaranıb.
Baş prokuror istintaqın və məhkəmə proseslərinin mövcud şəraitdən də asılı olduğunu vurğulayıb. O, cinayət işi üzrə axtarışda olan digər şəxslərin də gələcəkdə məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.
Kamran Əliyev digər dövlətlərin təcrübəsinə də toxunaraq qeyd edib ki, bəzi ölkələrin hüquq-mühafizə orqanları hərbi cinayətlərlə bağlı çoxlu sübutlar toplasalar da, həmin sübutlardan məhkəmə proseslərində istifadə etmək üçün lazımi imkan və şəraitə malik deyillər.