Azərbaycan enerji saxlanc sistemi layihəsi üzrə müqavilə imzalayıb

Türkiyənin "YEO Technology" şirkəti və “Azərenerji” ASC yeni batareya enerji saxlanc sistemi (Battery Energy Storage System, BESS) layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalayıb.
Təhlil.az xəbər verir ki, "YEO Technology" şirkətinin məlumatına əsasən, sənəd maliyyələşdirmə daxil olmaqla “açar təslimi” şərtilə 250 MVt·st gücündə batareya enerji saxlanc sisteminin tikintisini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 58,6 milyon dollar təşkil edir.
Layihənin maliyyələşdirilməsi yerli banklar tərəfindən EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli çərçivəsində həyata keçiriləcək, ümumi ödəniş müddəti isə dörd il təşkil edəcək.
“Ümumi gücü 500 MVt·st olan və müqavilələri 2025-ci ildə imzalanan, 2026-cı ilin ikinci rübündə istismara verilən iki enerji saxlanc sistemindən sonra bu layihə Azərbaycanda enerji saxlanc sistemlərinin inkişafına əlavə töhfə verəcək”, – deyə "YEO Technology" şirkətinin məlumatında bildirilir.
Layihə çərçivəsində mühəndislik işlərinin həyata keçirilməsi, avadanlıqların təchizatı, enerji saxlanc sisteminin, enerji çevirmə sistemlərinin (PCS), batareya idarəetmə sistemlərinin (BMS) və enerji idarəetmə sistemlərinin (EMS), həmçinin yüksək gərginlikli transformator yarımstansiyasının tikintisi, quraşdırılması və istismara verilməsi, eləcə də sistemin elektrik şəbəkəsinə inteqrasiyası həyata keçiriləcək.
“Tikinti işlərinə yaxın vaxtlarda başlanılacaq və bütün sistem bir il ərzində istismara veriləcək. Layihədə istifadə olunacaq akkumulyator batareyaları qrupumuza daxil olan "REAP Battery" şirkəti tərəfindən istehsal ediləcək”, – deyə "YEO Technology"dən bildirilib.