Bu gün

Nazir: “Daşkəsən” layihəsi metallurgiyada yeni zəncir yaradacaq"

“Daşkəsən” dəmir filizi layihəsi çərçivəsində yerli pelet istehsalı gücləri yaradılacaq.

Təhlil.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib.

Nazirin sözlərinə görə, bu layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

"Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir. Paralel olaraq, ixrac imkanlarımız da artacaq. Beləliklə, dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq".

Mikayıl Cabbarov vurğulayıb ki, SOCAR “Daşkəsən” dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin etməlidir.

""AzərGold" “Daşkəsən” dəmir filizi, qızıl, mis və digər layihələrin inkişafını həyata keçirəcək. Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq. Özəl sektorun əsas rolu isə yeni istehsal və emal güclərinə investisiyaların qoyulmasından ibarət olacaq", - deyə nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, alüminium üzrə əsas məqsəd mövcud istehsal zəncirini genişləndirmək və daha yüksək əlavə dəyərli məhsullara keçməkdir: "Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır.

“Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək. Məqsəd əlavə xammal bazasının iqtisadi potensialını müəyyənləşdirməkdir. Biz burada əsas olaraq müasir texnologiyaların inkişafına arxalanırıq. Nəticədə "Azəralüminium"un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması nəzərdə tutulur".

Nazir əlavə edib ki, mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır.

"Mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir. Qeyd edim ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur", - deyə Mikayıl Cabbarov əlavə edib.