26 may

Bakı ASB-də oyunun qaydalarını dəyişir - TƏHLİL

Bir zamanlar “Brüsselin siyasi klubu” kimi görünən Avropa Siyasi Birliyi (ASB) indi geosiyasi manevrlərin yazıldığı Avropa səhnəsinə çevrilir. Bu səhnədə isə maraqlı bir aktor - Azərbaycan var. Və bu aktor artıq “oyunun kənarından baxan” yox, oyunu qurmağa başlayan tərəf kimi çıxış edir.

2022-ci ildə Praqada keçirilən ilk ASB sammitində Prezident İlham Əliyevin iştirakı bəziləri üçün sadəcə formal görünə bilərdi. Lakin Praqa görüşündə baş verənlər göstərdi ki, Azərbaycan sadəcə qulaq asan yox, masa quran tərəfdir. O görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı Makron və Paşinyanın səylərinə baxmayaraq reallıq oldu. Bu, Bakının diplomatik sahədə necə çevik və təsirli olduğunu göstərən ilk siqnal idi.

Tirana da isə vəziyyət tam dəyişdi. Prezident İlham Əliyev sammitə təkcə qatılmadı, həm də onu yönləndirdi. Artıq Azərbaycanın adı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sabitlik kimi mövzuların ortasında deyil, mərkəzində çəkilirdi. Bakı Avropaya göstərdi ki, Cənubi Qafqazdan danışmaq istəyirsinizsə, əvvəlcə bizimlə hesablaşmalısınız.

2026 və 2028-ci illərdə ASB sammitlərinə ev sahibliyi edəcək ölkələrin Ermənistan və Azərbaycan olması isə artıq başqa bir mesajdır. Bu o deməkdir ki, Qərb regionla bağlı planlarını qısamüddətli deyil, uzunmüddətli qurur və bu planlarda Azərbaycan strateji ortaq kimi tanınır.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, Prezident İlham Əliyev 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılacaqmı?

Bu sual təkcə səfər məsələsi deyil, həm də sülh sazişinin real perspektivlərini müəyyən edən strateji nüansdır. Lakin mövcud vəziyyətdə belə bir səfərin baş tutması üçün bir neçə şərtin yerinə yetirilməsi vacibdir. Birincisi, sülh sazişinə qədər prinsipial razılaşmaların əldə olunmalı, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və qarşılıqlı təhlükəsizlik təminatları verilməlidir. İkincisi, Ermənistanın Azərbaycan ərazisinə və suverenliyinə hörmət edən rəsmi mövqeyi təsdiqlənməli, Ermənistan konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Bakının tələbləri yerinə yetirilməlidir. Üçüncüsü, Ermənistanda revanşist ritorikanın zəiflədilməlidir. Əgər bu şərtlər yerinə yetirilərsə Prezident İlham Əliyevin İrəvana getməsi mümkün görünür. Bu, regionda tariхi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan Prezidenti beynəlxalq platformada sülh təkliflərinin əsas təşəbbüskarı kimi çıxış edir və belə bir səfər onun mövqeyini daha da möhkəmləndirər.

Əgər 2026-cı ilə qədər Bakı ilə İrəvan arasında sülh razılaşması əldə olunarsa, Avropa Siyasi Birliyi sadəcə siyasi tribuna yox, yeni Cənubi Qafqazın  əməkdaşlıq, etimad və inteqrasiyanın platformasına çevrilə bilər. Bu ssenarini yazanlar arasında artıq Azərbaycanın qələmi əsas roldadır.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?