Bu gün

Naxçıvanda 72 elektrikli avtobus istifadəyə verilib

Naxçıvanda ictimai nəqliyyat yenilənib, 72 elektrikli avtobus istifadəyə verilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən Naxçıvan şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib:

"Naxçıvan şəhərində aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi üzrə optimallaşdırma işləri aparılaraq, əlçatanlıq artırılmaqla 9 marşrut xəttinin fəaliyyət göstərməsinə qərar verilib. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə istismara ekoloji təmiz (elektrikli), pandus və kondisionerlə təchiz olunmuş 72 avtobus cəlb edilib. Nəqliyyat vasitələrindən 60 ədədi “BYD”, 12 ədədi isə “King Long” markalı elektrikli avtobuslardır. Avtobuslardan 63-ü əsas xəttə buraxılıb, 9-u isə ehtiyatda saxlanılıb.

Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf ərazilər üzrə ictimai nəqliyyata əlçatanlığın səviyyəsi 90%-dən 95%-ə yüksəlib. Avtobusların orta yaşı isə 18-dən 0-a enib. Bu avtobuslarla il ərzində təxminən 4,5 milyon sərnişinə xidmət göstəriləcəyi gözlənilir.

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Naxçıvan şəhərində fəaliyyət göstərən avtobuslarda "CityCard" nağdsız ödəniş sistemi istifadə edilir. Sərnişinlər gediş haqqını "CityCard" kartı, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" mobil ödəniş xidmətləri vasitəsilə ödəyə bilərlər".

Bununla yanaşı, qeyd edilib ki, “"BakıKart" mobil tətbiqini "App Store" və "Google Play" platformalarından yükləməklə "CityCard" kartlarının balansını onlayn artırmaq, həmçinin QR kod vasitəsilə ödəniş etmək mümkündür.

Eyni zamanda bildirilib ki, AYNA-nın Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənilir. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edir.

"Naxçıvan şəhərində həyata keçirilən bu dəyişikliklər ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin artırılmasına yönəlib", - deyə məlumatda qeyd olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?