Bu ixtisaslara maraq kəskin azalıb

Tam orta təhsil bazasından kolleclərə qəbul üzrə qabiliyyət imtahanlarının statistikası göstərir ki, Populyar musiqi və caz ifaçılığı (instrumental istiqamət) üzrə isə bütün plan yerləri boş qalacaq. Belə ki, bu ixtisasda 11 plan yerinə heç bir namizəd yoxdur.
Təhil.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi statistik göstəricilərinin təhlilinə əsasən, bəzi istiqamətlərdə bir yerə 9 nəfərə yaxın namizəd düşür, bəzilərində isə plan yerləri boş qala bilər.
Belə ki, tam orta təhsil bazası üzrə keçirilən qabiliyyət imtahanlarının nəticələri incəsənət və xüsusi təyinatlı ixtisaslar üzrə qəbulda fərqli mənzərə ortaya qoyur. Statistikaya əsasən, ümumilikdə qabiliyyət imtahanından 1 369 nəfər uğurla keçib, halbuki bu ixtisaslar üzrə cəmi 487 plan yeri ayrılıb. Bu isə qəbul zamanı ümumi rəqabətin yüksək olacağını göstərir.
Ən ciddi rəqabət Dizayn (sahələr üzrə), Dekorativ tətbiqi sənət (sahələr üzrə) və Rəngkarlıq (sahələr üzrə) ixtisaslarında gözlənilir. Həmin istiqamətlər üzrə 858 nəfər qabiliyyət imtahanından müsbət nəticə göstərib, plan yeri isə cəmi 91-dir. Beləliklə, orta hesabla hər yerə 9,4 namizəd düşür ki, bu da keçid balının yüksək formalaşacağını göstərir.
Rəqabətin yüksək olacağı digər istiqamətlərdən biri ADRA nəzdində İncəsənət Kollecidir. Burada 40 plan yerinə qarşı 241 nəfər imtahandan keçib. Orta hesabla hər yerə 6 nəfərdən çox namizəd düşür.
Aktyor sənəti ixtisasında da vəziyyət oxşardır. 10 plan yerinə 48 nəfərin uğur qazanması bu istiqamətdə də ciddi seçim aparılacağını göstərir.
Nisbətən yüksək rəqabət Bədii yaradıcılıq (21 nəfər, 15 plan yeri), Dini-mənəvi xidmət (20 nəfər, 15 plan yeri) və Heykəltəraşlıq (14 nəfər, 6 plan yeri) ixtisaslarında da müşahidə olunur.
Bununla yanaşı, bəzi ixtisaslarda plan yerlərinin tam dolmaması ehtimalı yüksəkdir. Aşıq sənəti üzrə cəmi 2 nəfər qabiliyyət imtahanından keçdiyi halda, 26 plan yeri ayrılıb. Yəni bu ixtisas üzrə imtahan verənlər mütləq qəbul olunacaq. İnstrumental ifaçılıq (alətlər üzrə) ixtisasında 115 nəfər uğur qazansa da, plan yerlərinin sayı 168-dir. Vokal sənəti üzrə 94 plan yerinə qarşı 45 nəfər (burada da yüz faiz qəbul olacaq), Populyar musiqi və caz ifaçılığı (instrumental istiqamət) üzrə isə 11 plan yerinə heç bir namizəd yoxdur. Burada bütün plan yerləri boş qalır. Populyar musiqi və caz ifaçılığı (vokal) istiqamətində isə 11 plan yerinə 5 nəfər qabiliyyət imtahanından keçib (imtahan verənlər 100 faiz qəbul olunacaq).
Beləliklə, statistik göstəricilər incəsənət sahəsində qəbulun bütün ixtisaslar üzrə eyni səviyyədə keçməyəcəyini göstərir. Dizayn, dekorativ tətbiqi sənət, rəngkarlıq, aktyor sənəti və ADRA nəzdində İncəsənət Kolleci üzrə qəbulun daha rəqabətli olacağı gözlənildiyi halda, musiqinin bəzi istiqamətlərində və aşıq sənətində plan yerlərinin bir hissəsinin boş qalması ehtimalı yüksək qiymətləndirilir.