Bu gün

Bu şəxslərə məcburi köçkün müavinəti verilmir - RƏSMİ

Valideynlərdən biri məcburi köçkün statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət təyin edilmir.

Təhlil.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, son vaxtlar Komitəyə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı çoxsaylı yazılı və şifahi müraciətlər daxil olur. Xüsusilə, valideynlərindən birinin məcburi köçkün statusu olmayan şəxslər onlara müavinətin niyə təyin edilmədiyini soruşurlar.

Komitə bildirib ki, vahid aylıq müavinət işğal nəticəsində doğma yurdunu, daşınmaz əmlakını və vərdiş etdiyi yaşayış şəraitini itirmiş şəxslər üçün dövlətin fərdi sosial dəstək mexanizmidir və onun ödənilməsi Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir.

Açıqlamaya əsasən, məcburi köçkün statusuna malik olan bütün şəxslər bu müavinətdən yararlanmırlar. Qaydaların 2.6-cı bəndinə uyğun olaraq, valideynlərdən biri məcburi köçkün statusuna malik olmayan şəxslərə vahid aylıq müavinət verilmir.

Komitənin izahına görə, valideynlərdən biri məcburi köçkün olmadıqda həmin ailə tam şəkildə mənzil, torpaq və digər yaşayış resurslarından məhrum hesab edilmir. Buna görə də büdcə vəsaitlərinin hər iki valideyni məcburi köçkün olan və tam dövlət dəstəyinə ehtiyac duyan ailələrə yönəldilməsi sosial ədalət və ünvanlılıq prinsipinə uyğundur.

Bildirilib ki, son dövrlərdə dövlət informasiya sistemlərinin elektron inteqrasiyası nəticəsində əvvəllər fərdi yoxlamalar zamanı müəyyən edilməyən uyğunsuzluqlar artıq avtomatik aşkar edilir və qanunvericiliyin tələblərinə cavab verməyən hallarda ödənişlər dayandırılır.

Komitə xatırladıb ki, monitorinqlər zamanı adına yaşayış evi və ya mənzil rəsmiləşdirilən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, nikah səbəbindən statusu dəyişən, eləcə də təqvim ili ərzində müxtəlif dövrlərdə ümumilikdə 182 gündən artıq xaricdə yaşayan şəxslərə də qüvvədə olan qanunvericiliyə əsasən vahid aylıq müavinətin ödənilməsi mümkün deyil.

Sonda vurğulanıb ki, Dövlət Komitəsi sosial ödənişlərin təyin edilməsində qanunvericiliyin tələblərinə ciddi riayət olunmasını təmin etməyə və ictimaiyyətin düzgün məlumatlandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?