Ceki Çan "Tanrının zirehi 4" filminin çəkilişləri üçün Bakıda

Əfsanəvi aktyor Ceki Çan "Tanrının zirehi: Ultimatum" beynəlxalq macəra filminin çəkilişləri üçün Bakıya gəlib.
Təhlil.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Bildirilib ki, dünyaca məşhur aktyor Bakıda təxminən on gün keçirəcək. Qazaxıstanın Azərbaycandakı səfirliyi çəkiliş prosesinə kömək edəcək.
Filmin əsas çəkiliş yeri Qazaxıstandır. Çəkilişlər artıq Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda aparılıb. Qazaxıstan tərəfinin təklifi ilə çəkiliş üçün ikinci ölkə kimi Azərbaycan seçilib.
Bakıda çəkilişlər üçün şəhərin ən tanınan yerlərindən bəziləri seçilib. İçərişəhər, Dağüstü Park, Bakı Funikulyoru, Yaşıl Teatr və Fəvvarələr Meydanı nümayiş olunacaq.
Qazaxıstan və Azərbaycanın iştirakı ilə həyata keçirilən layihə, son illərdə Orta Asiya və Cənubi Qafqazda yaradılan ən böyük beynəlxalq film layihələrindən birinə çevrilib. İki ölkənin film çəkilişlərində iştirakı kino sənayesində regional əməkdaşlığın genişlənməsini əks etdirir və onların mədəni və turizm potensialının qlobal səhnədə tanıdılması üçün əlavə imkanlar açır.
Filmin 2027-ci ildə nümayişi planlaşdırılır.