Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası ilə əlaqədar başsağlığı verib.
Təhlil.az bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Pakistanın Bəlucistan əyalətində baş vermiş, çoxsaylı insanın həyatına son qoyan və yaralanmalara səbəb olan ölümcül kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Yaralananlara tezliklə şəfa diləyir, zərərçəkənlərin ən qısa zamanda təhlükəsiz şəraitə çatdırılacağına ümid edirik”, – deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin Soranj (Sorange) kömür yatağında metan qazının partlaması nəticəsində baş verən qəza ölkənin son illərdə ən ağır mədən faciələrindən biri hesab olunur. Son rəsmi məlumata görə, qəza zamanı 34 şaxtaçı həlak olub, hadisə baş verən anda mədəndə ümumilikdə 36 nəfər olub və bütün cəsədlər 45 saat davam edən axtarış-xilasetmə əməliyyatından sonra çıxarılıb. Pakistan hökuməti faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradıb və mədəndə təhlükəsizlik qaydalarının pozulması ehtimalı araşdırılır.