Magistratura üzrə plan yerlərinin 80 faizə qədəri dolub

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41%-i) dolub.
Təhlil.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında məlumat paylaşıb.
"Ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub. Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır.
Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub.
Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək", - məlumatda bildirilib.
DİM sədri həmçinin, qeyd edib ki, əvvəlki illərin nəticələri və təhlilləri ilə daha yaxından tanış olmaq istəyənlər "Abituriyent" jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxa bilərlər:
"Nəticələr və təhlillərlə bağlı fikirlərini bölüşmək istəyən ekspertləri də əməkdaşlığa dəvət edirəm.
Təklif və rəylərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz".