Bu gün

Gəmi heyəti və sərnişinlərin siyahısı necə aparılacaq? – Yeni qaydalar

Azərbaycanda gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, eləcə də gəmi, radio və maşın jurnallarının aparılmasının vahid qaydaları təsdiqlənib. Yeni sənəd dəniz nəqliyyatında sənədləşmənin vahid standart üzrə aparılmasını, təhlükəsizliyin gücləndirilməsini və liman nəzarətinin daha səmərəli təşkilini nəzərdə tutur.

Təhlil.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, gəmi heyəti üzvlərinin siyahısı birbaşa gəmi kapitanı tərəfindən aparılır. Bu siyahı gəmidə xidmət edən bütün şəxslər barədə məlumatların dəqiq uçotunun aparılması məqsədi daşıyır və hər səfər üzrə aktual vəziyyəti əks etdirməlidir.

Sənədə görə, heyət üzvlərinin siyahısında ilk növbədə gəmi barədə məlumatlar göstərilməlidir. Buraya gəminin adı, Beynəlxalq Dəniz Təşkilatının (IMO) nömrəsi, çağırış siqnalı, səfər nömrəsi, giriş və çıxış limanının və ya dəniz əməliyyatları bazasının adı, limana daxilolma və çıxma tarixi, gəminin bayraq dövləti, eləcə də son tərk etdiyi liman və ya dəniz əməliyyatları bazası barədə məlumatlar daxil edilir.

Bundan başqa, siyahıda hər bir heyət üzvü haqqında ayrıca məlumat qeyd olunur. Buraya soyadı və adı, gəmidə tutduğu vəzifə, vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkə, doğulduğu yer və tarix, cinsi, dənizçinin şəxsiyyət sənədi və ya digər şəxsiyyəti təsdiq edən sənədin növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti daxil edilir. Məqsəd gəmidə olan hər bir şəxsin şəxsiyyətinin və hüquqi statusunun dəqiq müəyyən edilməsidir.

Yeni qaydalar sərnişinlərin uçotunu da ətraflı tənzimləyir. Sərnişinlərin siyahısı da müəyyən olunmuş forma üzrə aparılmalı və hər bir sərnişin barədə zəruri məlumatları əhatə etməlidir. Siyahıda gəminin adı və milli mənsubiyyəti ilə yanaşı, sərnişinin şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədi barədə məlumatlar, sənədin növü, seriyası, nömrəsi, onu verən dövlət və etibarlılıq müddəti göstərilir. Əgər tələb olunursa, vizanın seriyası və nömrəsi, müvəqqəti və ya daimi yaşama icazəsi barədə məlumatlar da daxil edilir. Bundan əlavə, sərnişinin hansı limanda gəmiyə mindiyi, harada endiyi və tranzit sərnişin olub-olmaması ayrıca qeyd olunur.

Qaydalar gəmidə aparılan uçotun yalnız formal xarakter daşımadığını da göstərir. Bu məlumatlar dənizdə təhlükəsizliyin təmin olunması, sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, fövqəladə hallarda gəmidə olan şəxslərin operativ müəyyən edilməsi, eləcə də beynəlxalq dəniz daşımalarında məlumat mübadiləsinin düzgün təşkil edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sənəddə gəmi, radio və maşın jurnallarının aparılması ilə bağlı tələblər də müəyyən edilir. Bu jurnallarda gəminin istismarı, texniki vəziyyəti, radioəlaqə əməliyyatları və mühərrik bölməsində baş verən hadisələr ardıcıl şəkildə qeydə alınmalıdır. Beləliklə, gəminin fəaliyyəti ilə bağlı bütün əsas əməliyyatların rəsmi uçotu təmin olunur.

Yeni qaydaların tətbiqi ilə Azərbaycan bayrağı altında üzən gəmilərdə sənədləşmənin vahid standart üzrə aparılması, heyət və sərnişin məlumatlarının daha sistemli şəkildə qeydiyyata alınması, həmçinin beynəlxalq dənizçilik normalarına uyğunluğun gücləndirilməsi hədəflənir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?