Bu il Şuşanın Turşsu qəsəbəsində tikinti işlərinə başlanılacaq

Bu gün Şuşada 1 411 nəfər keçmiş məcburi köçkün – şuşalılar məskunlaşıb. Yaşayış binalarının tikintisi davam edir və gələn il böyük köçün həyata keçirilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Eyni zamanda, bu il Şuşa rayonunun bərpa və təmir işləri yekunlaşmaqda olan iki kəndinə – Böyük Qaladərəsi və Kiçik Qaladərəsinə xeyli sayda ailənin köçürülməsi nəzərdə tutulur.
Bundan əlavə, Şuşanın Turşsu qəsəbəsinin layihəsi hazırlanır. Qəsəbə sıfırdan inşa ediləcək və tikinti işlərinə bu il başlanılması planlaşdırılır. Ümid edilir ki, gələn il həmin qəsəbəyə də köç həyata keçiriləcək.
Daşaltı turizm kəndində isə inşaat işlərinə bu yay start veriləcək. Layihə özəl investisiyalar hesabına, özəl sahibkar tərəfindən icra olunacaq və burada müasir, möhtəşəm turizm kəndinin yaradılması nəzərdə tutulur.
Artıq ərazidə tanınmış “Kətirli şəlaləsi” kimi tanınan məkana gedən piyada turizm yolu da hazırdır və bütün ziyarətçilər şəlaləni görmək üçün bu marşrutdan istifadə edə bilərlər.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.