Unudulmuş təyyarə, uzanan istintaq: Moskvanın susqun ssenarisi - TƏHLİL

Dekabrın son günlərindən indiyədək Azərbaycan ictimaiyyəti cavabsız qalan bir sualla yaşamağa davam edir: Aktauda qəzaya uğramış Bakı-Qroznı reysli təyyarəyə nə oldu və bu hadisənin arxasında kim dayanır?
Ötən ilin dekabrında Bakıdan Qroznı istiqamətinə uçan, səmada vurulan və Aktauda qəzaya uğrayan təyyarə qəzasının istintaq prosesinin bu qədər uzanması Azərbaycan ictimaiyyətində haqlı suallar doğurur. Artıq altı aya yaxındır ki, Azərbaycan xalqını hiddətləndirən və dövlətin suveren hüquqlarına açıq-aşkar təcavüz kimi qiymətləndirilən təyyarə hadisənin istintaqı Rusiya tərəfindən bilərəkdən ləngidilir. Məsələ ilə bağlı aydın sübutlara baxmayaraq heç bir real addımın atılmaması Rusiya tərəfinin məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Son altı ayda Moskvanın istintaqın gedişinə yaratdığı bürokratik əngəllər məhz bundan xəbər verir. Görünür, Moskva Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasını da Malayziya “Boeing”inin vəziyyətinə salmağı hədəfləyir. Çünki hər iki hadisədə oxşar taktikadan istifadə olunub və Rusiya tərəfi hələ də “Boeing” hadisəsi ilə bağlı təfərrüatları gizli saxlayır.
Müxtəlif bəhanələrlə işin uzadılması və süni prosedur əngəlləri indi də Azərbaycan təyyarəsinə münasibətdə tətbiq olunmağa başlayıb və həqiqətin üstü hər vəchlə ört-basdır edilir. Məsələnin gündəmdən çıxarılması, vaxt keçdikcə unutdurulması və nəticəsiz qalması üçün planlı şəkildə iş aparılır. Lakin Rusiya unutmamalıdır ki, Azərbaycanda bu hadisə unudulmayıb və rəsmi Bakı bu hadisənin unudulmasına imkan verməyəcək. Bunu bir neçə amillə izah etmək olar. Birincisi, Azərbaycanın prokurorluq orqanları mütəmadi olaraq, hər ay məsələ ilə bağlı Rusiya tərəfi ilə rəsmi əlaqə saxlayır. İkincisi, təyyarə qəzası ilə bağlı ilkin istintaqın açıqlamaları onun qəsdən vurulması amilini təsdiqləyir. Belə olan halda qarşı tərəfin susması və yaxud bu hadisəyə əhəmiyyətsiz yanaşması nəticəni dəyişmir, ciddi cavab və nəticə əldə olunmayınca Bakı prosesi davam etdirəcək, lazım gəldikdə beynəlxalq hüquqa müraciət edəcək, Moskvanı ikitərəfli hüquqi əməkdaşlıq prinsiplərinə əməl etməyə məcbur edəcək. Çünki Azərbaycan dövləti və xalqı haqlı olaraq tələb edir ki, bu hadisənin məsuliyyətini daşıyanlar cəzalandırılsın. Bu, yalnız hüquqi məsələ deyil, həm də milli ləyaqət məsələsidir. Ortada gizli və müəmmalı heç nə yoxdur. Hər şey sübut olunub. Kimlərin əmr verdiyi də, atəşi açanların kim olduğu da bəllidir. Əlavə istintaqın başladılması, yeni sənədlər və ya dəlillər naminə lazımsız fəaliyyətin həyata keçirilməsinə ehtiyac yoxdur. Əks halda, cəzasızlıq mühiti gələcəkdə ikitərəfli münasibətlərdə daha ağır nəticələrə gətirib çıxara bilər.
TƏHLİL ANALİTİK QRUP