Ermənistan strateji şirkətlərinin Rusiya inhisarına keçməsində Köçəryan və Sarkisyan izi - ARAŞDIRMA

Sirr deyil ki, Ermənistanın strateji şirkətləri, su və elektrik stansiyaları, dəmir yolu xətti bu gün Rusiyanın inhisarındadır. Bəs bu şirkətlər Rusiyanın əlinə necə keçib? Mövzu ilə bağlı araşdırmalar göstərir ki, bu məsələdə Ermənistanın ikinci prezidenti Robert Köçəryan və Serj Sarkisyanın böyük rolu var.
2002-ci ildə, yəni Ermənistanda Robert Köçəryanın prezidentliyi dövründə onlarla kiçik müəssisə birləşərək “Ermənistanın Vahid Elektrik Şəbəkəsi” adlı qapalı səhmdar cəmiyyətini yaradıblar. Şirkət yaranan kimi satışa çıxarılıb. Eyni ildə “EEŞ” (söhbət “Ermənistanın Vahid Elektrik Şəbəkəsi”ndən gedir) bu vaxta qədər adı heç bir yerdə hallanmayan “Midland Resources Holding Ltd” ofşor şirkətinə 37 milyon dollara satılıb. Bunun 12 milyon dolları xüsusi özəlləşdirmə hesabına birbaşa ödəniş, 25 milyon dolları isə müəssisənin yaratdığı “borcun” ödənilməsi öhdəliyi olub. 4 il sonra, yəni 2006-cı ildə EEŞ ikinci dəfə satışa çıxarılıb. Bu dəfə Rusiyanın “Интер РАО ЕЭС” enerji nəhəngi müştəri qismində üzə çıxıb. Bu şirkətə eyni zamanda Ermənistandakı Atom Elektrik Stansiyasının idarəedilməsi də təhvil verilib. Sövdələşmənin qiyməti açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə 40-70 milyon dollar arasında olub. Doqquz il sonra, 2015-ci ildə elektrik enerjisi tarifinin növbəti dəfə artırılmasından sonra İrəvanda kütləvi etiraz aksiyaları başlayıb. Bundan sonra isə sentyabrın 30-da EEŞ Rusiyanın “Taşir” şirkətlər qrupuna, yəni Samvel Karapetyana satılıb. Yəni, Rusiyanın “Интер РАО ЕЭС” şirkəti Ermənistanın elektrik şəbəkəsini “Taşir”ə bağışlayıb. Bunun həqiqətən bağışlama, yoxsa Ermənistan daxilindəki vəziyyəti sakitləşdirmək üçün manevr olub-olmaması məlum deyil.
Sövdələşmənin qiyməti hələ də açıqlanmayıb. Amma məlum olub ki, “Интер РАО ЕЭС”in idarə etdiyi dövrdə şirkətin 230 milyon dollar borcu yığılıb. “Taşir” bu borcu ödəməyi özünə öhdəlik götürüb. Bu, sadə bir sxemdir. Üzərinə borc yığırsan, onları ödəmirsən və təhvil verirsən. Bu isə ölkənin əsas strateji şirkətinin iflasına qədər davam edir. Bu gün EEŞ-nin səhmlərinin 100%-i maliyyə-kredit təşkilatlarının girovundadır və “Taşir” qrupunun tərkibində EEŞ-nin topladığı borcun ümumi məbləği 200 milyon dollardır. Borc yığılması üzrə eyni sxem. Bundan əlavə, EEŞ-nin alınması üzrə müqavilənin müəyyən şərtlərinin sistematik şəkildə yerinə yetirilməməsi səbəbindən “Taşir” şirkətlər qrupu artıq 24 milyard dram cərimə yığıb. Bu şirkət bütün enerji istehsal şirkətlərindən elektrik enerjisinin yeganə alıcısı və ölkə üzrə abonentlərə yeganə satıcısıdır.
Eyni sxem üzrə Serj Sarkisyan da Rusiyaya “Armrosqazprom” şirkətinin 20 faiz səhmini bağışlayıb. Bu, o zaman həyata keçirildi ki, qəflətən Rusiyaya qaza görə borcun yarandığını elan etdilər. Abonentlər bir gün belə borcu ödəməyəndə, qazları kəsilirdi. Bu yolla da Ermənistan vacib strateji infrastrukturundan məhrum edildi.
Göründüyü kimi, Robert Köçəryan və Serj Sarkisyan havadan borc yaradaraq, strateji şirkətləri Rusiyanın inhisarına veriblər.
Hikmət Həsənov