Dünən

“Təyyarə insidentindən sonra eskalasiya planlı idi” - RƏY

Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən polis zorakılığı təkcə hüquq-mühafizə sisteminin özbaşınalığı deyil, bu hadisə həm də Rusiya hakimiyyətinin artan siyasi təzyiqlərinin simvolik təzahürüdür.

Bu fikirləri təhlil.az saytına açıqlamasında “Поистине” layihəsinin rəhbəri, politoloq Ruslan Aysin deyib.  

O bildirib ki, Yekaterinburqda polisin səbəb olduğu ölümlər qəsdən həyata keçirilmiş bir aksiyanın nəticəsidir: “Hadisə zamanı öldürülənlər şəhid sayıla bilər. Çünki onlar rejimin basqılarına məruz qalıblar, sadəcə azərbaycanlı və müsəlman olduqları üçün. Bu, Rusiya rejiminin vəhşi üzünü nümayiş etdirdi. Azərbaycanlılar və ümumiyyətlə müsəlman xalqları uzun müddətdir ki, Rusiya daxilində reket, döyülmə və hüquq pozuntularına məruz qalırlar”.

Ekspertin fikrincə, bu reydlərin arxasında sadəcə hüquq-mühafizə tədbirləri deyil, konkret siyasi məqsədlər dayanır: “Azərbaycanlıların açıq şəkildə aşağılamaq, güc nümayiş etdirmək üçün hədəfə alınması siyasi təzyiq alətidir. Təbii ki, Azərbaycan tərəfi bu məsələyə sərt reaksiya verdi. Hazırda Sputnik media qurumunda aparılan axtarışlar və FSB əməkdaşlarının saxlanılması da cavab tədbirlərinin bir hissəsidir”.

R.Aysinin sözlərinə görə, bu təzyiq həm də Türkiyəyə yönəlib: “Rusiya bununla Azərbaycanla yanaşı, Türkiyəni də çətin vəziyyətə salmaq istəyir. Çünki Ankara təbii ki, Bakının tərəfində olacaq. Bu isə Kremlin istədiyi bölgə balansına ziddir. Rusiya Cənubi Qafqazda yenidən eskalasiya yaratmaq üçün hərəkətə keçib”.

Politoloq qeyd edib ki, sözügedən hadisələr 2024-cü ilin dekabrında Qroznı səmasında vurulan Azərbaycan təyyarəsi ilə başlayan gərginliyin davamıdır: “Prezident İlham Əliyevin 9 mayda Moskvaya səfər etməməsi bir növ simvolik cavab idi. Kreml bu addımı çətin həzm etdi və ardınca Yekaterinburqda baş verənlər yaşandı. Bu, Rusiyanın təzyiq strategiyasının növbəti mərhələsidir”.

O əlavə edib ki, son baş verənlər təsadüfi deyil və Moskva Azərbaycanı zəiflətmək, Cənubi Qafqazda öz təsirini bərpa etmək üçün açıq eskalasiya siyasəti yürüdür.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?