Dünən

Avropa Ermənistanı Rusiyanın orbitindən çıxarır - TƏHLİL

Son illər, xüsusən də 2020-ci ildə baş tutan 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra Ermənistan hökuməti Qərbə meyl göstərməkdə davam edir. Baş nazir Nikol Paşinyanın hərəkətləri və qərarları da konkret olaraq, Moskva boyunduruğundan qurtulmaq, Aİ orbitinə keçərək Qərb xaltasını boynuna taxmaq niyyətindən xəbər verir. Rusiyanın rəhbərlik etdiyi iclaslarda iştirak etməmək, hətta nazirlər toplantısına belə, XİN başçısının qatılmaması bu niyyətin getdikcə gücləndiyindən xəbər verir. Erməni kilsəsini dəstəkləyən Rusiyaya qarşı addımlar atan erməni hökuməti ölkədəki Kreml rıçaqlarını zəiflətməyi də nəzərdən keçirir. Məsələn, rusiyalı iş adamı Samvel Karapetyanın həbsi, onun inhisarında olan “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin milliləşdirilməsi bu istiqamətdə görülən tədbirlərdir. 29-30 iyun tarixlərində İrəvana Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın səfəri də bir sıra mətləblərdən xəbər verir. Bu səfər və bu günə qədər səsləndirilən bəyanatlar sübut edir ki, Qərb Rusiyanı Qafqazdan çıxarmaq, Ermənistanı isə Moskvanın orbitindən uzaqlaşdırmağı hədəfləyib.

İşin digər tərəfi də odur ki, Aİ Ermənistanda Gürcüstan ssenarisinin təkrarlanacağından ehtiyat edir. Bir müddət əvvəl rəsmi Tiflisin Avropa İttifaqı ilə gərginləşən münasibətləri, Rusiya ilə iqtisadi sahədə yaxınlaşma barədə qərar qəbulu təbii ki, Brüsseldə xoş qarşılanmayıb. Bu səbəbdən də əsas diqqətlər Ermənistana yönəlib. Bunu Kaya Kallasın “Ermənistanla Avropa İttifaqı arasında münasibətlər heç vaxt indiki qədər yaxşı olmayıb” bəyanatından da sezmək olar. Bununla belə, Moskva da Ermənistandakı rıçaqlarını işə salaraq, İrəvanda Aİ ilə yaxınlaşma əleyhinə etiraz aksiyaları keçirir. Bu işə daha çox sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan dəstəsi başçılıq edir. Bu iki şəxsin ən böyük ümidi Rusiyanın əli ilə Nikol Paşinyanı devirərək, yenidən hakimiyyətə yiyələnməkdir. Bu isə bir daha göstərir ki, hazırda Qərblə Rusiya Ermənistan ərazisində toqquşur. Erməni cəmiyyəti bu iki siyasi gücün diqtəsi ilə iki yerə bölünərək bir-biri ilə mübarizə aparır. Görünən odur ki, Aİ Ermənistanı öz cərgəsinə qoşmaq üçün bütün vasitələrə əl atacaq. Hətta ciddi maliyyə yardımını da gözləmək mümkündür.

Kaya Kallasın səfəri zamanı isə bir neçə sənəd imzalanıb. Elə də ciddi əhəmiyyətə malik olmayan bu sənədlər hazırda Nikol Paşinyan cəbhəsi tərəfindən cəmiyyətə böyük uğur kimi təqdim edilir.

Qeyd etmək yerinə düşər ki, bununla yanaşı, Avropa İttifaqı Ermənistana müdafiə sahəsində əməkdaşlıq təklif edib. Bu da birbaşa Rusiyaya qarşı atılan addım sayıla bilər. Çünki uzun illər Ermənistan bu sahədə, xüsusən də hərbi texnikanın alışında Moskva ilə əməkdaşlıq edib. Amma son illər İrəvan Rusiyadan hərbi texnika və silah sifarişini xeyli azaldıb. Onun yerini Fransa və Hindistan tutub. Yeni razılaşmalar isə bu sahədə Rusiyanı tamamilə oyundan kənarlaşdırmaq məqsədi güdür.

Erməni cəmiyyətinin də Rusiyadan tam qopması üçün nəzərdə tutulan məsələlərdən biri də Avropa İttifaqı ilə İrəvan arasında vizaların liberallaşdırılması prosesidir. Kaya Kallasın səfərində bu məsələyə də toxunulub. Bu, sırf cəmiyyət üçün verilən açıqlamalardır. Yaxın müddət ərzində sıravi erməninin təyyarəyə minərək, Avropaya vizasız səfər edəcəyini gözləmək sadəlöhvlükdür. Bu tip açıqlamalar seçki ərəfəsində Nikol Paşinyan komandasına hava və su kimi lazımdır.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?