Zərifə Əliyeva: Elmə və insanlığa həsr olunmuş bir ömür

Bu gün Azərbaycanın görkəmli alimi, akademik, tibb elmləri doktoru, Əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümüdür.
Təhlil.az xəbər verir ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə oranı müvəffəqiyyətlə başa vurub. Daha sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib.
Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olub, 1953-cü ildə isə müdafiəsini uğurla tamamlayıb. Öz elmi fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda başlayan alim burada elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri kimi çalışıb. 1967-ci ildən etibarən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti, professoru və sonralar kafedra müdiri olub.
Akademik Zərifə Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı araşdırmalarla dünya oftalmologiya elminə əhəmiyyətli töhfələr verib. Onun doktorluq dissertasiyası — "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda araşdırması - əmək sağlamlığı və peşə xəstəlikləri sahəsində önəmli tədqiqatlardan sayılır. 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Alim 150-yə yaxın elmi məqalənin, 12 monoqrafiyanın, 1 ixtiranın və 12 səmərələşdirici təklifin müəllifi olub. "Terapevtik oftalmologiya" və "İridodiaqnostikanın əsasları" əsərləri bu sahənin inkişafına mühüm təsir göstərib.
Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də ictimai fəaliyyəti ilə seçilib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti, Azərbaycan Oftalmologiya Cəmiyyəti, Sovet Sülhü Müdafiə Komitəsi kimi nüfuzlu qurumların idarə heyətlərinin üzvü olub, "Vestnik oftalmologii" jurnalının redaksiya heyətində çalışıb.
1981-ci ildə oftalmologiya sahəsindəki xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına nüfuzlu mükafatına layiq görülüb. Xüsusi qeyd etmək lazımdır ki, Zərifə xanım bu mükafata layiq görülən ilk qadın alim olub.
Onun elmi-pedaqoji və ictimai xidmətləri yüksək qiymətləndirilib, əməkdar elm xadimi fəxri adına layiq görülüb, orden və medallarla təltif olunub. 1983-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Onun elmi irsi bu gün də Azərbaycan tibbinin və oftalmologiya elminin inkişafında yaşamaqda davam edir.