25 aprel

Azərbaycan ÜDM həcminə görə Cənubi Qafqazda liderdir

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-mart aylarında ən yüksək Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 2023-cü ildə 30,31 milyard manat təşkil edib. Ən aşağı göstərici isə “COVID-19” pandemiyasına görə 2021-ci ildə qeydə alınıb və həmin il ÜDM istehsalı 18,92 milyard manat olub.

2025-ci ilin I rübündə Azərbaycanda ÜDM həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 796,1 milyon manat artaraq 29,89 milyard manata çatıb. Xatırladaq ki, ötən ilin I rübündə bu məbləğ 29,1 milyard manata bərabər olub və bu, 2023-cü ilin eyni dövrünə nisbətən 4% və ya 1,21 milyard manat az deməkdir.

Cari ilin I rübünə olan rəsmi rəqəmlərə əsasən, Azərbaycanda adambaşına düşən ÜDM həcmi 2 922,2 manat təşkil edir. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3% və ya 65,7 manat çoxdur.

Qeyd edək ki, bu göstərici üzrə son 5 ilin ən yüksək rəqəmi 2023-cü ilin I rübündə qeydə alınıb. Həmin tarixdə ölkədə adambaşına düşən ÜDM həcmi 2 991,2 manat olub.

2025-ci ilin yanvar-mart aylarında istehsal olunan ÜDM həcminin 67,25%-i və ya 20,1 milyard manatı qeyri-neft-qaz sektoru hesabına formalaşıb. Ötən ilin I rübündə isə qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsul istehsalında payı 64,26% və ya 18,7 milyard manat təşkil edib.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin açıqladığı rəsmi məlumatlara əsasən, 2024-cü ildə hər üç ölkə üzrə ÜDM həcmi artıb. Bu artım Azərbaycanda 2,7% və ya 1,96 milyard dollar, Gürcüstanda 9,7% və ya 2,99 milyard dollar, Ermənistanda isə 7% və ya 1,7 milyard dollar olub.

Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda ÜDM həcmi 74,32 milyard dollar təşkil edib ki, bu, Gürcüstanın göstəricisindən 2,2 dəfə, Ermənistanın göstəricisindən isə 2,9 dəfə çox deməkdir.

 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.