Azərbaycan XİN-dən Kanadanın xarici işlər nazirinə sərt mesaj

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli mövqeyinə görə kəskin şəkildə tənqid edib.
Təhlil.az xəbər verir ki, nazirlik rəsmisi “X” sosial şəbəkəsində yayımladığı paylaşımda Colinin Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri görməzdən gəldiyini bildirib.
Hacızadə bildirib ki, Kanada rəsmisinin Ermənistan yönümlü mövqeyi onun öz ölkəsinin milli maraqlarını kölgədə qoyaraq, erməni diasporunun maraqlarını önə çəkməsi ilə nəticələnir:
“Kanada Xarici İşlər Nazirliyi, görünür, milli maraqları deyil, Kanada Erməni Milli Komitəsinin sifarişlərini müdafiə edir. Bu isə belə yüksək post üçün zəruri olan mühakimə və məlumatlılıq qabiliyyətinə ciddi suallar doğurur”.
O, əlavə edib ki, Melani Coli bu günə qədər bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləmə, kütləvi qırğın və mədəni soyqırımlara məruz qalması faktını qəbul etməyib.
Ayxan Hacızadənin açıqlaması beynəlxalq ictimaiyyətin regiondakı ədalətsizliklərə yanaşma tərzini yenidən gündəmə gətirib.